close

“AstraZeneca” koronavirus peyvəndləri ölümcül yan təsirə səbəb ola bilər

Source: Meydan TV

“The Telegraph” məhkəmə sənədlərinə istinad edir

Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” ilk dəfə etiraf edib ki, onun koronavirus əleyhinə “Covishield”, “Vaxzevria” peyvəndləri ölümcül yan təsir – tromboza səbəb ola bilər.

Bu barədə “The Telegraph” məhkəmə sənədlərinə istinadən xəbər verib.

Nəşr bildirib ki, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi ziyan vurması və hətta ölümlə nəticələnməsinə görə şirkətə qarşı qrup iddiası qaldırılıb.

Zərərçəkənlər və həyatlarını itirənlərin yaxınları “AstraZeneca”dan 100 milyon funt-sterlinqə qədər təzminat tələb ediblər.

Nəşr yazır ki, qurbanlardan biri də Ceymi Skottdur.

O, 2021-ci ildə peyvənd olunub.

Sonradan onun damarında qan laxtası yaranıb, ardınca da beyininə qan sızıb.

“Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – nəşr “AstraZeneca”nın Skottun vəkilləri ilə yazışmalarından bir hissəsinə istinadla yazıb.

“The Telegraph” qeyd edir ki, bu xəstəlik halların təxminən 20%-də ölümcül olur.

“AstraZeneca” peyvəndindən sonra tromboz və tromboemboliya hallarının yaranması ilə bağlı xəbərlər 2021-ci ilin yazından yayılmağa başlayıb.

Həmin dövrdə iyirmidən çox ölkə “AstraZeneca”nın koronavirus peyvəndinin istifadəsindən qismən və ya tam imtina edib.

“AstraZeneca” dərmanının istifadəsinin dayandırılması bəzi xəstələrdə tromboz və emboliya və bir neçə ölüm xəbərindən sonra baş verib.

Əvvəlcə Avstriyada, daha sonra isə ölüm halları Danimarka, İtaliya və Slovakiyada qeydə alınıb.

Avropa İttifaqının dərmanlara nəzarət qurumu olan Avropa Dərman Agentliyi (EMA) isə peyvəndi nəzərdən keçirəndən sonra “AstraZeneca” peyvəndi ilə qan laxtalanması riski arasında əlaqə olmadığını açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün yeddi vaksin təsdiq edilib.

Onların arasında Azərbaycanda istifadə olunan “CoronaVac”, “Pfizer” və “AstraZeneca” olub.

Avropa Dərman Agentliyi Comirnaty (BioNTech/Pfizer), Vaxzevria (AstraZeneca), Spikevax (Moderna) və Janssen (Johnson & Johnson) vaksinlərini tanıyıb.

Ana səhifəSağlıq“AstraZeneca” koronavirus peyvəndləri ölümcül yan təsirə səbəb ola bilər