close

Azərbaycan-Qərb münasibətləri: “Əliyevi Putindən qoparmağa çalışırlar, amma…”

İ.Əliyev və V.Putin. Moskva Bəyənnaməsi imzalanarkən. Foto: Azərtac.

Keçmiş diplomat deyir ki, Qarabağdan sonra Rusiya Əliyevi “qarmağa” keçirib

Aprelin 30-da Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları fəalı Anar Məmmədli haqqında 3 ay 28 günlük həbs qərarı verib.

Anar Məmmədlinin həbsi ilə bağlı sual doğuran məqamlardan biri bunun ABŞ Dövlət katibi Entoni Blinkenin Əliyevlə söhbətindən bir gün sonra baş verməsidir.

Çünki Dövlət Departamenti yaydığı məlumatda qeyd edir ki, Blinken Azərbaycanı öz beynəlxalq öhdəliklərinə və insan hüquqları sahəsində öhdəliklərinə sadiq qalmağa, Azərbaycanda haqsız yerə saxlanılanları azad etməyə çağırıb.

Vedant Patel. Foto: “Turan”

Departamentin mətbuat katibinin müavini Vedant Patel “Turan”ın “Bakının hərəkətləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini əks etdirirmi?” sualına birbaşa şərh verməkdən çəkinib:

ABŞ Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin davam edən həbslərindən, xüsusən də Anar Məmmədlinin həbsindən dərindən narahatdır və biz Azərbaycan hökumətini haqsız yerə saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırırıq”.

Şvabe:  “Azərbaycanda qeyri-legitim prezident Əliyevin ətrafındakı cinayətkar dəstə…”

Anar Məmmədlinin həbsi Avropa qurumlarında da etirazla qarşılanıb.

Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri, deputat Frank Şvabe azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin saxlanılmasına reaksiya verib.

Frank Şvabe, foto: Bundestaq
Frank Şvabe, foto: Bundestaq

Frank Şvabe “X” (“Twitter”) hesabında yazıb ki, Azərbaycanda qeyri-legitim prezident Əliyevin ətrafındakı cinayətkar dəstə Avropa Şurası Parlament Assambleyasının Vatslav Havel adına insan hüquqları mükafatı laureatını həbs etməyə cəsarət edib:

“Azərbaycanın nə indi, nə də yanvarda Parlament Assambleyasına geriyə yolu var”.

Səməd Seyidov: “Şvabe Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə almaniyalı deputat Frank Şvabeni Azərbaycana qarşı qərəzli davranmaqda ittiham edib:

“İndi isə belə demək mümkünsə, maskalar yırtılıb və mövqeyini gizlədə bilmir. O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi, həmçinin AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
Foto: Meydan TV

2024-cü ilin yanvarında AŞPA qətnamə qəbul edib və Azərbaycan nümayəndə heyəti 1 il ərzində səs hüququndan məhrum edilib.

Bu qətnamənin təşəbbüskarı isə Frank Şvabe olub.

F.Şvabe hazırda hakimiyyətdə olan Almaniya Sosial-Demokrat Partiyasının üzvüdür.

Emin İbrahimov: “Bu qarşıdurmada rəsmi Bakı Kremlin yanındadır”

Keçmiş diplomat Emin  İbrahimov Meydan TV-yə deyib ki, Azərbaycanda repressiyalar yeni başlamayıb, sadəcə, son bir ildə daha da sürətlənib:

Anar Məmmədlidən əvvəl “AbzasMedia” və “ToplumTV”-nin əməkdaşları, Ələsgər Məmmədli, Akif Qurbanov və digərləri həbs edilibsə, deməli, repressiyalar dayanmayıb. Rejimin sərtləşməsi xətti media və siyasi partiyalar haqqında qanunların qəbulundan sezilirdi. Yəni rejimin repressiyası reaktiv deyil, davamlı izlənilən xətdir. Repressiyaların sərtləşməsi Qərb-Rusiya və buna uyğun olaraq demokratiya-diktatura qarşıdurması kontekstində baş verir. Bəli, arada Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, bu, ümumi kontekstdə çox xırda epizoddur. Əlbəttə, qarşıdurmada rəsmi Bakı Kremlin yanındadır”.

Foto: Emin İbrahimovun şəxsi arxivindən

“Qərb isə Əliyevi dilə tutaraq Azərbaycanı Rusiya xəttindən uzaqlaşdırmaq istəyir, amma bu, qeyri-mümkündür. Əliyevi Putindən qoparmaq mümkün deyil. Fikir verin, Qərb COP29-un Azərbaycanda keçirilməsinə normal yanaşır, Almaniya kansleri Əliyevi Berlinə dəvət edir, hansısa formada bağları qoparmaq istəmirlər. Əsas məqsəd Azərbaycanın Rusiyayla birləşib Ermənistana təzyiqinin qarşısını almaqdır. Qərb istəyir ki, Əliyev Putinin oyununa gedib regionda müharibəyə başlamasın və ya orada Paşinyanın sonunu gətirəcək təzyiqləri dayandırsın. Beləliklə, Əliyevi həm dilə tuturlar, həm də sanksiya hədələri olur. Yəni Azərbaycan hakimiyyətindən əllərini tam üzməyib qapını açıq qoyurlar”, – deyə Emin İbrahimov qeyd edib.

“Rusiya Əliyevi “qarmağa” keçirib, qopmaq çox çətindir”

Onun sözlərinə görə, indiki mərhələdə Rusiya da gözləmə mövqeyində deyil:

“”Sputnik-Azərbaycan” saytının yazdığı elə Rusiyanın mövqeyidir. Moskva istəmir ki, ətraf ölkələrdə Qərb dəyərləri güclənsin, hazırda dava bunun üstündədir. Kreml Bakıya deyir ki, Qarabağda hərbi əməliyyatlara imkan yaratdıqsa, bunun əvəzi olmalıdır, ölkəndə Qərb institutlarını təmizləməlisən. Bəli, Əliyevlə Putinin bu məsələdə marağı üst-üstə düşür. Ancaq Əliyev Qərbdən belə tez “qırılmaq” da istəmir, çünki Ukrayna savaşının necə bitəcəyi naməlumdur. Sabah Rusiya Ukraynada məğlub olsa, Putinin gələcəyi pis olacaq və bununla da Əliyev özü havada qalacaq. Məsələ ondadır ki, Qarabağ məsələsindən sonra Rusiya Əliyevi “qarmağa” keçirib, qopmaq çox çətindir”.

Azər Qasımlı: “Qərb hər şeyi silib atmaq istəmir, tədricən nəyəsə nail olmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı hesab edir ki, Azərbaycanda Qərb deyəndə yanlış yanaşma sərgilənir və hakimiyyət də bunun üzərində manipulyasiya edir:

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Birinci yanlışlıq odur ki, Qərb kollektiv deyil. Elə Fransanı götürək, bu ölkə Qarabağın müstəqilliyini tanımadı. Əgər Paris Azərbaycanın müstəqilliyini istəmirdisə, bu yöndə addım atardı. Amma Qarabağın müstəqilliyi ilə bağlı bəyanatlarla Senat çıxış edir. Yaxud ABŞ-da erməni lobbisi ilə yaxşı münasibətdə olan konqressmenlər bu cür bəyanatlar verir. Bununla bərabər ABŞ Administrasiyası var, eyni şəkildə Fransada hökumət və prezident, bunları bir-birindən ayırmaq lazımdır. ABŞ deyəndə Konqres, Fransa deyəndə Senat nəzərdə tutulmamalıdır. Yəni bir partiyada fərqli mövqelər ola bilər, necə ki Şvabe hakim Sosial-Demokrat Partiyasının üzvüdür, amma Şolts Əliyevi Berlinə dəvət edir”.

Azərbaycan iqtidarı Rusiyadan gələn direktivlərlə hərəkət edir”

Qasımlının fikrincə, kollektiv Qərb anlayışı olsa da, hər ölkənin öz siyasəti var:

“Sözsüz, bunların hamısını birləşdirən ümumi strategiya var. Bu gün Bakı ilə Parisin münasibətləri çox pisdir, səbəblərini dəfələrlə demişik. Amma Berlinlə Bakının münasibətləri yaxşıdır. Şolts hazırda Azərbaycanla Qərb arasında bir kanaldır, Əliyevi də bu baxımdan Berlinə dəvət etmişdilər. Məncə, proseslər bu kanalın itirilməsinə doğru gedir. Problem ondadır ki, Qərb indiyə qədər Putinə, Lukaşenkoya necə yanaşmışdısa, eyni münasibəti Əliyevə də sərgiləyir. Bu, yanlış siyasətdir. Sadəcə, Qərb hər şeyi silib atmaq istəmir, tədricən nəyəsə nail olmaq niyyətindədirlər”.

Azərbaycan iqtidarı isə tam müstəqil siyasət yeridə bilmir, Rusiyadan gələn direktivlərlə hərəkət edir. “Sputnik-Azərbaycan“da yazılan məqalə dediklərimi təsdiqləyir, kimlərin adları varsa, həbs edirlər. Sabah bu sayt yeni məqalə yayacaq, ardınca yeni həbslər olacaq. Həbs edilənlər də Qərb dəyərlərinə üstünlük verənlərdir”, – Qasımlı vurğulayıb. 

Ana səhifəSiyasətAzərbaycan-Qərb münasibətləri: “Əliyevi Putindən qoparmağa çalışırlar, amma…”