close

ATƏT Azərbaycanda müstəqil mediaya təzyiqlərin artdığını deyir

Həbs edilən jurnalistlər, foto: Meydan TV

Tereza Ribeyro hesabatında mətbuat azadlığının təhlükə altında olduğunu vurğulayıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro müstəqil mətbuata təzyiqlərin artdığını deyib.

Bu barədə nümayəndənin 2023-cü ilin noyabrın 23-dən bu günə qədər olan dövrü əks etdirən hesabatında bildirilir.

Yarımillik məruzəni Daimi Şuraya təqdim edən Ribeyro KİV-ə qarşı repressiyaların artdığını və onların bütün ATƏT regionunda demokratiya prinsiplərinə və təhlükəsizliyə məhvedici təsir göstərdiyini vurğulayıb.

Hesabatda Azərbaycanda da KİV və jurnalistlərin azadlıqlarının pozulduğu xatırladılır.

Xüsusən, jurnalistlərin yalan ittihamlarla çoxsaylı həbslərindən, onların ailə üzvlərinin təqib olunmasından, azadlıqda qalanların təhdid edilməsindən və hakimiyyətin mətbuatın azadlığına və təhlükəsizliyinə zəmanət vermək öhdəliklərini yerinə yetirməkdən imtina etməsindən danışılır.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda jurnalist həbsləri başlanıb.

Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia” saytının əməkdaşlarıdır.

“Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.

Hazırda saytın təsisçisi Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və saytın baş redaktoru Sevinc Vaqifqızı, həmçinin bir neçə əməkdaşı – araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2024-cü il martın 6-da isə polis “Toplum TV”nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədliyə, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Həmçinin “Toplum TV” işi üzrə III Respublika Platformasının spikeri Akif Qurbanov və Qurucu Heyətinin üzvü Ruslan İzzətli də həbs edilib.

Həbs edilənlərin hər biri bu təzyiqlərin sırf peşə fəaliyyətləri ilə əlaqəli, habelə siyasi sifariş olduğunu bildirirlər.

Ana səhifəXəbərlərATƏT Azərbaycanda müstəqil mediaya təzyiqlərin artdığını deyir