close

İsrail ordusu Xan Yunisi vurub, ölən və yaralananlar var

Fələstin-İsrail. Foto: Bartolomiej Pietrzyk/shutterstoc

Zərbələrin fələstinli qaçqınların məskunlaşdığı əraziyə endirildiyi bildirilir

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığında hava hücumu etdikləri bildirilir.

“Reuters” xəbər verir ki, zərbə fələstinli qaçqınların məskunlaşdığı əraziyə endirilib.

“HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, zərbə nəticəsində ən azı 71 fələstinli ölüb, 289 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının “Əl-Hədas” və Qətərin “Əl-Cəzirə” telekanalları hücumun Xan Yunisin qərbindəki “Əl-Məvasi” qaçqın düşərgəsini hədəf aldığını iddia edir.

İsrail ordusu hücumun hədəflərinin HƏMAS hərbi qanadının komandiri Məhəmməd Deif və Xan Yunis terror hərəkatının briqadasının komandiri Rafia Salameh olduğunu bildirib.

İsrail hərbçilərinin məlumatına görə, HƏMAS liderləri və digər terrorçular Əl-Məvasi və Xan Yunis əraziləri arasında kiçik bir binada mülki əhalinin arasında gizləniblər.

İsrail hərbçiləri iddia edir ki, zərbə HƏMAS-ın hasarlanmış ərazisindəki binaya, terrorçuların obyektinə yönəlib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbə yerində israilli girovlar olmayıb.

“Əl-Hədas”ın məlumatına görə, Salameh öldürülüb, Deif isə yaralanıb.

“HƏMAS”ın sözçüsü Sami Əbu Zuhri İsrail ordusunun Qəzza zolağında terrorçuların liderlərini vurmaqları ilə əlaqəli iddialarını “yalan” adlandırıb.

O, hadisəni “müharibənin ciddi eskalasiyası” hesab etdiyini deyib.

Əlavə edib ki, bu, İsrailin HƏMAS-la atəşkəs razılaşmasında maraqlı olmadığını göstərir.

“The Times of Israel” qeyd edir ki, Əl-Məvasi və Xan Yunisin qərb hissəsi Qəzza zolağında İsrailin təyin etdiyi humanitar zonaya daxildir.

HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam” briqadalarının komandiri Məhəmməd Deif 1995-ci ildən bəri İsrailin ən çox axtarılanlar siyahısındadır.

O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu da daxil olmaqla, çoxsaylı terror aktlarının iştirakçısı və təşkilatçısı hesab olunur.

Son illərdə Deif ən azı yeddi sui-qəsd cəhdindən sağ çıxdığı deyilir.

Ana səhifəXəbərlərİsrail ordusu Xan Yunisi vurub, ölən və yaralananlar var