Müşahidə Missiyasının rəhbəri maraqlı tərəflərlə görüşəcəklərini deyib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu fevralın 7-də növbədənkənar Prezident seçkilərində müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib.
Bu barədə dekabrın 29-da Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi (İrlandiya) keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, 8 həftə ərzində seçki kampaniyasının, səsvermənin və seçkilərin yekunlaşdırılması prosesinin monitorinqini aparacaqlar.
“Missiya 11 beynəlxalq ekspertdən ibarətdir. Bundan əlavə, seçki kampaniyası və seçkilərin monitorinqini 26 uzunmüddətli müşahidəçi həyata keçirəcək. Həmin qrup yanvarın 3-də gələcək, paytaxt da daxil olmaqla, Azərbaycanın bütün regionlarını əhatə edəcəklər. Regionlara 2 uzunmüddətli müşahidəçi göndəriləcək”, – deyə Mörfi əlavə edib.
Missiyanın rəhbəri deyib ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ATƏT-ə üzv ölkələrə birbaşa seçki günü monitorinq üçün daha 280 qısamüddətli müşahidəçinin göndərilməsi üçün müraciət edib:
“Missiya seçki qanunvericiliyinin praktikada tətbiqi, seçki administrasiyaları üzvlərinin hazırlanması və təlimi, namizədlərin qeydiyyatı, seçki kampaniyasının gedişi, media mühiti, seçkilərin KİV-də işıqlandırılması, qadınların seçkilərdə iştirakının monitorinqini aparacaq. Aralıq hesabat seçkidən iki həftə əvvəl açıqlanacaq. Səsvermənin səhərisi günü ilkin hesabatı açıqlayacağıq. Tövsiyələrin yer aldığı yekun hesabat isə seçkidən bir neçə ay sonra yayılacaq”.
“Bizi seçkilərin nəticələri maraqlandırmır, biz seçki prosesini ATƏT standartlarına və beynəlxalq öhdəliklərə uyğunluğu baxımından qiymətləndiririk”, – Ouen belə deyib.
O, Meydan TV-in “İndiki repressiyalar, 10 jurnalistin həbsi şəraitində demokratik seçkilərin keçirilməsinin mümkünlüyünü necə görürüsünüz? Məsələn, AXCP sədri Əli Kərimli 254 siyasi məhbusun olduğunu bildirib…” sualına konkret cavab verməyib:
“Müşahidə missiyamıza dünən başlamışıq və bu prosesdə bütün maraqlı tərəflərlə görüşəcəyik. O cümlədən, potensial namizədlərlə, media təşkilatları ilə də. Bir neçə həftə dərc olunan Ehtiyacların Qiymətləndirilməsi Hesabatında mövcud vəziyyətin mənzərəsi öz əksini tapıb. Bundan əlavə, media monitorinq fəaliyyətimiz işə başlayacaq, onlar da öz qənaətlərini bölüşəcəklər. Hazırda qəti nəsə söyləmək çətindir”.
“Turan”ın “Əvvəlki prezident seçkilərindən sonra ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu missiyasının tövsiyələrinin yerinə yetirilməsində irəliləyiş varmı və bu, hazırkı kampaniyanın qiymətləndirilməsində nə dərəcədə nəzərə alınacaq?” sualının cavabında Ouen deyib ki, aralıq hesabatda tövsiyələrin icrası ilə bağlı qiymətləndirmə də olacaq.
2018-ci il növbədənkənar Prezident seçkilərinin yekun hesabatında qeyd olunub ki, seçki komissiyalarının təyin edilməsi formulu praktikada seçkilərin qərəzsiz idarə olunmasını nəzərdə tutmur.
Bununla əlaqədar, seçki komissiyalarının qərəzsizliyini və ictimaiyyətin onların işinə inamını artırmaq üçün onların tərkibinə yenidən baxılması tövsiyə edilib.
Prioritet tövsiyələr arasında diffamasiya və böhtanın, o cümlədən onlayn-kontentdə, dekriminallaşdırılması təklif edilib.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad Əliyev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürüblər.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.