close

ATİŞ deputatlara və şeyxə müraciət etdi

Foto: Prezident.az

Şura talış dilinin tədrisi ilə bağlı dəstək istəyir

Azərbaycan Talışları İctimai Şurası (ATİŞ) Milli Məclisdə talış regionunu təmsil edən deputatlara – Rəşad Mahmudova, Ziyafət Əsgərova, Rüfət Quliyevə, Anar İsgəndərova, İqbal Məmmədova, Cavanşir Paşazadəyə, Fəzail İbrahimliyə, Musa Qasımlıya, Məşhur Məmmədova və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib.

Müraciətdə deyilir ki, talışların kompakt yaşadıqları bölgədəki məktəblərdə talış dili tədris edilmir.

On səkkiz ildir ki, bu dildə dərsliklər nəşr olunmur. Ölkədə heç bir kollec, texnikum və ali məktəbdə talış dilini tədris edəcək pedaqoji kadrlar hazırlanmır.

ATİŞ-in müraciətində həmçinin deyilir ki, məsələ ilə əlaqədar səlahiyyətli dövlət strukturlarına müraciətlər ünvanlansa da, rəsmi cavablar verilmir.

Təhsil Nazirliyi
Foto: Təhsil Nazirliyi

Növbəti tədris ilinin başlanmasına iki aydan da az vaxt qalır. Lakin beş ildir ki, ibtidai siniflər üçün hazırlanmış talış dili dərslikləri öz nəşrini gözləyir. Elm və Təhsil Nazirliyi hər dəfə bir bəhanə ilə bu dərsliklərin nəşrini arxa plana salır”, – müraciətdə qeyd olunur.

Şura regiondakı orta ümumtəhsil məktəblərində talış dilinin 4-cü deyil, 9-cu sinifə qədər tədris olunması ilə əlaqədar təklif də irəli sürür:

Həmçinin Elm və Təhsil Nazirliyindən yeni tədris ilinin başlanmasına qədər Talış dili dərsliklərinin yeni, kurikulum qaydalarına əsasən nəşrinin təşkilini xahiş edirik. Lənkəran Dövlət Universitetində Talış dili və ədəbiyyatı fakültəsinin fəaliyyətə başlamasının təşkili də vacibdir”.

Meydan TV məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən münasibət öyrənə bilməyib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuradan da mövqe almaq cəhdləri nəticəsiz qalıb.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyib ki, Azərbaycanda talışların yaşadıqları ərazilərdə bu dil tədris olunsa da, valideylər özləri uşaqlarının dilin öyrənməsində maraqlı deyillər:

“Çünki indi inteqrasiya dövrüdür. Dünyaya inteqrasiya etmək üçün rus, ingilis, fransız və başqa dilləri öyrənmək vacibdir. Bilikdə belə bir hal var – vərdişlərin interferensiyası. Yəni bir dili öyrənəndə, başqa dil müəyyən qədər maneçilik törədir. Üstəlik, talış dilinin artikulyasiya bazası elədir ki, başqa dili mənimsəməyə çətinlik yaradır. Bu uşaq yazıq neyləsin, hansı dili öyrənsin? Talış dilini öyrənsin, Azərbaycan dilini öyrənsin, yoxsa ingilis dilini öyrənsin? Nəvəm Lənkəranda yaşayır. Qızıma tapşırmışam, onu talış dili dərslərinə göndərməsin. Çünki uşağın dili məhv olur”.

Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə

Dövlət talış dilinə qarşı mənfi münasibətdə deyil. Məktəblərdə həftədə iki dəfə talış dilinin tədris olunmasına icazə verilib. Kim istəyir, gedib, oxusun. Sadəcə, əksər valideynlər talış dili dərslərinin övladlarına tədris edilməsindən qaçırlar. Məktəbləri açırlar, sonra valideynlər uşaqlarını göndərməyəndə, məcbur olub, bağlayırlar”, – təhsil eksperti əlavə edib.

Azərbaycanda talışların kompakt yaşadıqları ərazilər Astara, Lənkəran, Masallı, Lerik rayonlarıdır.

Bu rayonlardakı məktəblərdə talış dili 4-cü sinfə qədər həftədə bir dəfə keçirilir.

Talışlar Azərbaycanda ikinci böyük etnik qrup hesab edilirlər.

2009-cu il siyahıyaalmasında Azərbaycanda 112 min talışın olduğu hesablanmışdısa, 2019-cu ildə həmin göstərici 87 min 578 nəfərə enib.

Onların sayı 22 faiz (24 min 422 nəfər) azalıb. ATİŞ mütəxəssisləri bu sayla razılaşmır, onlar talış əhalısının göstərilən rəqəmdən 10 dəfə artıq olduğunu düşünürlər.

Rəsmi rəqəmlərə görə, ölkə əhalisinin 0.9 faizi talışlardır.

Ana səhifəSosialATİŞ deputatlara və şeyxə müraciət etdi