close

ATV-nin keçmiş prezidenti 10 nəfərin ölümünə görə məhkəmə qarşısına çıxarılır

Tağı İbrahimov. Foto: arxiv

İstintaq araşdırması nəticəsində Tağı İbrahimova verilən ittiham dəyişdirilib

“Azad Azərbaycan” telekanalının (ATV) keçmiş prezidenti Tağı İbrahimov məhkəmə qarşısına çıxarılır. 6 aydır həbsdə olan Tağı İbrahimov bu il yanvarın 15-də Bakıda – 7-ci mikrorayonda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət almasıyla nəticələnən yanğına görə ittiham olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı olan Tağı İbrahimov yanvarda həbs olunanda ona qarşı səhlənkarlıq ittihamı irəli sürülsə də, araşdırmalardan sonra ittiham dəyişib. İstintaqın yekununda Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə ittiham verilib.

62 yaşlı Tağı İbrahimov 10 nəfərin öldüyü yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən iki nəfərdən biridir. Digər təqsirləndirilən isə müəssisənin inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən 32 yaşlı Toğrul Rzayevdir.

İstintaq belə nəticəyə gəlib ki, sexdə taxta materialların emalı zamanı yaranmış taxta tozu və kimyəvi tərkibli materialların buxar qarışığı təmizlənməyib. Bu səbəbdən minimum konsentrasiya limitinin aşılması nəticəsində partlayış baş verib.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

İbrahim Nehrəmli mediaya açıqlamasında bildirib ki, hadisənin baş verdiyi obyekt qardaşının mülkiyyətində olsa da, onun istifadəsində deyildi. Onun sözlərinə görə, obyekti qardaşı icarəyə vermişdi və icarəçi də mebel sexi kimi istifadə edirdi:

“Tağı İbrahimov orada yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazığ Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi”.

Ana səhifəSiyasətATV-nin keçmiş prezidenti 10 nəfərin ölümünə görə məhkəmə qarşısına çıxarılır