close

Auditorlar Palatasında 700 minlik yeyinti ittihamı…

Azərbaycan Auditorlar Palatas. Foto: Azərbaycan Auditorlar Palatasının “Facebook” səhifəsi

“Müstəntiq bank çıxarışlarına ya baxmayıb, ya da baxmaq istəməyib”

Azərbaycan Auditorlar Palatasında təxminən 700 min manatlıq mənimsəmə ittihamıyla bağlı məhkəmə prosesi başlayıb. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası baxır.

Məhkəmə qarşısında isə 3 nəfər təqsirləndirilən şəxs var: Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzova. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Yanvarın 12-də məhkəmənin hazırlıq iclasında Vəli Rəhimov və Fəridə Novruzovanın vəkilləri cinayət işinin istintaqa qaytarılması barədə vəsatətlər qaldırıblar.

Vəli Rəhimovun vəkili Faiq Nəcəfov bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlə bağlı istintaq hərtərəfli və obyektiv olmayıb. Vəkil deyir ki, yalnız Gövhər Əhmədovanın ifadəsi əsasında digər iki nəfərə mənimsəmədə əlbir olmaları barədə ittiham verilib. Onun ifadəsindən başqa heç bir sübut yoxdur:

“Gövhər Əhmədova ifadəsində Vəli Əhmədovun tapşırıqlarını yerinə yetirdiyini göstərib. Amma bunu təsdiqləyən heç bir fakt yoxdur – SMS, telefon zəngi, şahid ifadəsi…”.

Vəkilin sözlərinə görə, əksinə, Gövhər Əhmədovanın övladlarının bu prosesdə iştirakını təsdiqləyən faktlar var. Lakin müstəntiq həmin faktlara qiymət verməyib:

İstintaqda bank kartları ilə bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb, ya da baxmaq istəməyib. Orada Gövhər Əhmədovanın övladlarının bank kartlarından bəhs olunur. Birinci övladı deyir ki, “mənim xəbərim olmayıb, kartlardan pulları anam çıxarıb”. Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesablar ödənilib. İkinci övladı “Azərtac”da işləyir. O da deyib ki, “xəbərim yoxdur, kartdan pulları anam çıxarıb”. Çıxarışdan görünür ki, “Azərtac”ın binasındakı bankomatdan pul çıxarılıb. Üçüncü övladı da deyir ki, “xəbərim yoxdur”. Amma özü banka gedib həmin hesabdan 18 min manat pul çıxarıb. Hər kəs öz əməlinə görə mühakimə olunmalıdır”.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV

Müdafiəçi əlavə edib ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub. Bu hadisə onun həyat tərzinə, işinə də təsir göstərib:

“O, həyatdan küsüb, təxminən bir il hər şeydən uzaqlaşıb. Baş verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ hallar aşkar edib, özü bu barədə rəhbərliyə məlumat verib. İstintaq ekspertiza təyin etməliydi, bu da olmayıb. Çox primitiv araşdırma aparılıb. Məhkəmə istintaqı zamanı bunları araşdırmaq mümkün olmayacaq. Ona görə də işin istintaqa qaytarılmasını istəyirik”.

Fəridə Novruzovanın vəkili isə istintaqda müvəkkilinin müdafiə hüququnun pozulduğunu əsas gətirərək, cinayət işinin yenidən istintaqa qaytarılmasını istəyib:

Fəridə xanımı aldadaraq, sənədlərə qol çəkdiriblər, sənədləri imzalatdıranda yanında vəkil olmayıb”.

Fəridə Novruzova da vəkilinin dediklərini təsdiqləyib. O bildirib ki, əvvəlki dindirmələrdə yanında vəkil olmayıb. Yalnız sonuncu dəfə dövlət hesabına vəkilin iştirakı təmin olunub.
Vəli Rəhimov isə şikayətlənib ki, ona istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılmayıb:

“İttiham aktını alıb oxuyanda dəhşətə gəldim…”.

Təqsirləndirilən Gövhər Əhmədovanın vəkili Pəhləvan Aslanov isə cinayət işinin istintaqa qaytarılmasına etiraz edib. O, müvəkkilinin övladlarının ünvanına səslənən ittihamların da əsassız olduğunu, onların bu cinayətə heç bir aidiyyəti olmadığını vurğulayıb.

Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzova. Foto: qafqazinfo.az

Dövlət ittihamını müdafiə edən prokuror Orxan Kəngərli də cinayət işinin istintaqa qaytarılması haqda vəsatətlərə etiraz edib. O deyib ki, iş məhkəmə baxışına verilib araşdırılmalıdır.

Qısa müşavirədən sonra hakimlər işin istintaqa qaytarılması haqda vəsatətin təmin olunmadığını açıqlayıb. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə iclası yanvarın 26-na təyin olunub.

Rəsmi açıqlamaya görə, daxili araşdırma zamanı 2018-2023-cü illər ərzində Maliyyə və Texniki Təminat İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bundan sonra palata rəhbərliyi 2023-cü ilin iyulunda hüquq-mühafizə orqanlarına müraciət edib.

Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlarda 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialAuditorlar Palatasında 700 minlik yeyinti ittihamı…