close

Prokuror Əvəz Zeynallının 10 il azadlıqdan məhrum edilməsini istədi 

Əvəz Zeynallı. Foto: Meydan TV

Növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqilə çıxış edəcək

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə edilən “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun işi üzrə məhkəmə prosesi yekunlaşır.

Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində onların işi üzrə prosesdə prokuror Eldar Həmzəyev çıxış edərək, Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı çıxışında deyib ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 311 (rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapıb. Prokuror təklif edib ki, həm Əvəz Zeynallı, həm də Elnur Şükürov Cinayət Məcəlləsinin 178-ci maddəsilə təqsirli bilinsə də, onlara bu maddə ilə cəza təyin olunmasın. Prokuror həmçinin hər iki şəxsə münasibətdə rüşvət verməyə təhrik ittihamından da imtina edib.

Əvəz Zeynallıya rüşvət alma, Elnur Şükürova isə vəzifəli şəxsin qərarına təsir göstərməyə görə cəza təyin olunması təklif edilib.

Bu iş üzrə məhkəmə prosesi yanvarın 26-da davam edəcək. Növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqilə çıxış edəcək.

Əvəz Zeynallı və Elnur Şükürov 2022-ci ilin sentyabrından həbsdədir. Onların heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Ana səhifəSiyasətProkuror Əvəz Zeynallının 10 il azadlıqdan məhrum edilməsini istədi