close

Avropa İttifaqı Ermənistanla viza rejimini sərbəstləşdirmək istəyir

Ermənistan-Avropa Birliyi. Foto: Alexandros Michailidis/shutterstock

Avropa Komissiyası fəaliyyət planı hazırlamalıdır

Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara başlanmasına razılıq veriblər.

Bundan sonra Aİ-nin icra orqanı olan Avropa Komissiyası yaxın aylarda Ermənistan hökuməti ilə “vizanın liberallaşdırılması dialoqu” üçün fəaliyyət planı hazırlamalıdır.

“Söhbət sənədlərin təhlükəsizliyi, sərhədlər, readmissiyasından gedir”, – “Azadlıq” radiosunun Avropa müxbiri Rikard Yozvik (Jozwiak) belə deyib.

Bildirib ki, bu, həm də fundamental hüquqlar məsələlərinə aiddir. Ermənistan tərəfindən yerinə yetirilməli olan yüzlərlə səhifədən ibarət sənəd toplusunun hazırlanması illər çəkə bilər.

Yozvik vurğulayıb ki, son nəticədə ermənilər üçün Aİ vizalarının ləğvi həm də Aİ-yə üzv olan bütün dövlətlərin yekdil dəstəyini tələb edəcək.

Onun sözlərinə görə, Avropada insanlar qeyri-qanuni miqrasiyadan qorxur:

“Bir neçə ölkə var, xüsusən də İsveç, Avstriya və Niderland viza liberallaşdırılmasına çox ehtiyatlı yanaşır. Bir sözlə, qarşıda uzun yol və çoxlu maneələr və problemlər var”.

Aİ liderləri ilk olaraq 2017-ci ildə Ermənistan və daha beş keçmiş sovet respublikası ilə keçirilən Şərq Tərəfdaşlığı sammitində Yerevanla viza liberallaşdırılması üzrə danışıqlara başlamağa söz veriblər. Vəd Aİ və Ermənistan arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) imzalandıqdan sonra verilib. Ermənistanın həm indiki, həm də keçmiş hökumətləri o vaxtdan bəri 27 dövlətdən ibarət bloka danışıqların tarixini təyin etmək üçün təzyiq göstəriblər.

2020-ci ildə çıxış edən Aİ-nin Yerevandakı nümayəndəliyinin o vaxtkı rəhbəri Andrea Viktorin deyib ki, vizasız gediş-gəlişlə bağlı rəsmi müzakirələrə bəzi Avropa ölkələrinin torpaqlarında çoxlu sayda erməni sığınacaq axtaranlarla bağlı narahatlıqlarının olması mane olur.

Üzv dövlətlərin Cənubi Qafqaz ölkəsi ilə “vizanın liberallaşdırılması dialoqunu” təsdiqləmək qərarı Ermənistan hökumətinin Qərblə yaxınlaşmaq səyləri və Rusiya ilə artan gərginliyi fonunda baş verir.

Bu ilin fevral ayında Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla “Aİ-Ermənistan arasında iddialı yeni tərəfdaşlıq gündəliyi üzərində işə başlamaq” barədə razılığa gəldiklərini açıqlayıb.

Baş nazir Nikol Paşinyanın siyasi komandasının bəzi üzvləri o vaxtdan bəri Ermənistanın Aİ-yə daxil olmaq üçün səy göstərməli olduğunu bildiriblər.

Ana səhifəDünyaAvropa İttifaqı Ermənistanla viza rejimini sərbəstləşdirmək istəyir