close

Avropa İttifaqı Rusiyaya 13-cü sanksiyalar paketini tətbiq edib

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

106 fiziki və 88 hüquqi şəxsə yeni məhdudiyyətlər tətbiq olunub

Ukraynaya qarşı başladığı müharibənin ikinci ildönümü ərəfəsində Avropa İttifaqı (Aİ) Rusiyaya 13-cü sanksiyalar paketini tətbiq edib.

106 fiziki və 88 hüquqi şəxsə yeni məhdudiyyətlər tətbiq olunub, ixracı qadağan edilən Avropa mallarının siyahısı da genişləndirilib.

“Bu gün biz Rusiya hərbi və müdafiə sektoruna qarşı məhdudlaşdırıcı tədbirləri daha da gücləndiririk. Üçüncü ölkələrdə avadanlıq tədarük edən yeni müəssisələri, eləcə də ukraynalı uşaqların qanunsuz deportasiyasına cavabdeh olanları hədəfləyirik”, – Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin (Josep Borrell) bəyanatında deyilir.

Bu tədbirlər hərbi və müdafiə sektoru ilə yanaşı, Şimali Koreyadan silah tədarükü ilə məşğul olanlara da yönəlib.

Bundan əlavə, Aİ Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən 27 təşkilata qarşı daha sərt ixrac məhdudiyyətləri tətbiq edib.

Bu şirkətlərin bəziləri üçüncü ölkələrdə (Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə) yerləşir və ticarət məhdudiyyətlərindən yayınmaqla məşğuldur.

Digərləri isə hərbi-sənaye kompleksi üçün komponentlər hazırlayan Rusiya müəssisələridir.

Aİ səlahiyyətliləri həmçinin “Rusiya müdafiə sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə biləcək” qadağan olunmuş malların siyahısını da genişləndirib.

Genişləndirilmiş siyahıya hansı məhsulların daxil olduğu açıqlanmır.

Sanksiyaya məruz qalan şəxslər və təşkilatların siyahısı hələ Aİ-nin rəsmi jurnalında dərc edilməyib.

Məhdudiyyətlər dərc edildikdən sonra qüvvəyə minəcək.

ABŞ da Ukraynadakı müharibə və müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı 500 yeni sanksiya tətbiq etdiyini açıqlayıb.

Ağ Evin bəyanatında deyilir ki, məhdudiyyətlər Rusiyanın maliyyə sektoruna, hərbi-sənaye kompleksinə, tədarük şəbəkəsinin iştirakçılarına, sanksiyalardan yayınanlara və Navalnının həbsində məsuliyyət daşıyanlara yönələcək.

Bəyanatda həmçinin qeyd olunur ki, “Rusiya hərbi maşınını” dəstəkləyən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq olunacaq.

“Sanksiyalar Putinin xaricdəki aqressiyasına və daxildə repressiyalarına görə daha da yüksək qiymət ödəyəcəyini təmin edəcək”, – Bayden deyib.

Eyni zamanda, o, komandasına vətəndaş cəmiyyətinə, müstəqil mediaya və bütün dünyada demokratiya uğrunda mübarizə aparanlara dəstəyi gücləndirməyi tapşırdığını əlavə edib.

Bayden həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasını Ukraynaya hərbi yardım haqqında ikitərəfli qanun layihəsini təsdiq etməyə çağırıb.

Məhdudlaşdırıcı tədbirlərin ətraflı siyahısı hələ dərc edilməyib.

Fevralın 22-də Co Bayden Aleksey Navalnının həyat yoldaşı Yuliya və qızı Dariy ilə görüşüb.

Bundan sonra o, siyasətçinin ölümü ilə əlaqədar sanksiyalar tətbiq edəcəyini, xüsusən də Vladimir Putinin də yer alacağını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Aİ-nın sanksiyalarını Rusiyaya qarşı nəticəsiz təzyiq adlandırıb.

“Bu qeyri-dost hərəkətlərə cavab olaraq Avropa institutlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndiririk, onlara dövlətimizin ərazisinə daxil olmaq qadağandır. Söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının və kommersiya təşkilatlarının nümayəndələrindən, Kiyevdəki neonasist rejiminə hərbi yardım göstərməkdə məsul olan Aİ-yə üzv ölkələrin vətəndaşlarından, Rusiya rəsmilərinin “qanunsuz həbslərə” görə mühakimə olunmasında iştirak edən Avropa strukturlarının nümayəndələrindən gedir”, – Rusiya XİN-nin məlumatında deyilir.

Əlavə olunub ki, Qərb ölkələrinin hər hansı qeyri-dost hərəkətlərinə vaxtında və adekvat cavab veriləcək.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ana səhifəDünyaAvropa İttifaqı Rusiyaya 13-cü sanksiyalar paketini tətbiq edib