close

Avropa Komissiyasının rəhbəri Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını pisləyib

Ukrayna taxılı. Foto: Dobra Kobra/shutterstock

BMT də Rusiyaya çağırış edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını pisləyib və Avropa İttifaqının Ukraynanın kənd təsərrüfatı məhsullarını dünya bazarlarına çıxarmağa davam edəcəyinə söz verib.

“Mən BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara dəniz taxıl təşəbbüsünə son qoymağını qətiyyətlə pisləyirəm”, – Avropa Komissiyasının rəhbəri deyib.

Birləşmiş Millətlər Təşkilatında (BMT) da Rusiyaya taxıl müqaviləsinə geri dönməsi ilə bağlı çağırış edilib.

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

Təşkilatın Təhlükəsizlik Şurasının Ukraynada keçirilən sessiyasında iştirakçılar Rusiyanı Qara dəniz taxıl dəhlizi sazişinə qayıtmağa çağırıblar.

BMT-nin Baş katibinin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə müavini Rozmari DiKarlo bu il 79 ölkədən təxminən 345 milyon insanın qida çatışmazlığı ilə üzləşəcəyinin proqnozlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, Qara dəniz taxıl dəhlizi sazişi 33 milyon ton ərzağın ixracına imkan yaradıb və qlobal ərzaq qiymətlərinin ucuzlaşmasına səbəb olub.

BMT
Foto: BMT

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də Rusiyanı masa arxasına qayıdaraq Qara dəniz taxıl dəhlizi sazişini müddətsiz olaraq uzatmağa və tam şəkildə icra etməyə çağırıb.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu addımın bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacağını deyib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünyada qlobal ərzaq böhranı yaranıb.
Ukrayna dünyanın aparıcı taxıl ixracatçılarındandır və müharibə nəticəsində istehsal və daşıma problemləri ilə qarşılaşıb.

BMT və Türkiyə 2022-ci ilin iyulunda ağırlaşan qlobal ərzaq böhranının həllinə kömək üçün Qara dəniz razılaşmasına vasitəçiliyə başlayıb.

“Taxıl sazişi” Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.
Buna səbəbin isə Rusiyaya tətbiq edilən sanksiyaların olduğu göstərilib.

Ana səhifəİqtisadiyyatAvropa Komissiyasının rəhbəri Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını pisləyib