close

Avropa Məhkəməsi AXCP üzvü ilə bağlı qərar qəbul edib

Foto: Məmməd İbrahimin şəxsi arxivindən

Hökumət səhvini qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahimin şikayəti ilə bağlı qərar qəbul edib.

Məmməd İbrahim AİHM qarşısında ona qarşı cinayət işinin açılmasının qanunsuz olması iddiasını mübahisələndirib.

2016-cı ildə ərizəçi Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan əməlin törədilməsində ittiham olunub və üç il müddətinə azadlıqdan məhrum edilib.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu mübahisələndirib.

İddia edib ki, barəsindəki hökm əsaslandırılmayıb, icraat zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulub. Ərizəçi həmçinin, müdafiə tərəfinin bütün etirazlarının və vəsatətlərinin rədd edilməsindən, müdafiə tərəfinə ittiham tərəfi ilə bərabər şərait yaradılmamasından şikayət edib.

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Şikayətin kommunikasiyası zamanı hökumət təktərəfli bəyannamə təqdim etməklə ərizəçinin iddia etdiyi pozuntuları etiraf edib, Məmməd İbrahimə mənəvi zərərə görə 3,600, xərc və məsrəflərə görə 500 avro ödəməyi təklif edib. Hökumət həmçinin, ərizəçinin kassasiya şikayətinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasını təmin etmək üçün bütün tədbirləri görmək öhdəliyi götürüb.

Təzminatın məbləğini adekvat qəbul etməyən, onun işinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasına təminatın olmadığını ifadə edən ərizəçi təktərəfli bəyannaməni qəbul etməsə də, AİHM işin araşdırılmasının davam etdirilməsi üçün yetərli əsasların olmadığı qənaətinə gəlib.

Məhkəmənin qərardadına görə, hökumət təktərəfli bəyannamədə nəzərdə tutulan təzminat məbləğini ərizəçiyə ödəməli, işə Ali Məhkəmədə yenidən baxılmasını təmin etməlidir.

Ana səhifəSiyasətAvropa Məhkəməsi AXCP üzvü ilə bağlı qərar qəbul edib