close

Hüquq müdafiəçisi: “Blinkenin haqsız həbs ifadəsi dəqiq mövqe, aydın çağırışdır”

Entoni Blinken. Foto: Al Drago/Pool via AP

Rauf Mirqədirov və Samir Kazımlı isə fərqli düşünür

Azərbaycanın rəsmi və hökumətyönlü mediası ABŞ Dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə telefon danışığının yalnız Bakı ilə Yerevan arasındakı münasibətlərlə bağlı olduğunu yazsa da, Vaşinqton bunun əksini deyir.

ABŞ Dövlət Departamentinin aprelin 3-də yaydığı məlumatda bildirilir ki, Blinken həmçinin Azərbaycanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

Blinken deyib ki, Azərbaycanda haqsız yerə həbs edilən şəxslər azad edilməlidir.

Bəs bu çağırışdan sonra siyasi məhbuslar azad edilə bilərmi?

Hüquq müdafiəçisi Rüfət Səfərov da rəsmi medianın məlumatı tam dərc etmədiyini, hər iki açıqlama arasında fərqlərin olduğunu deyir. Bununla yanaşı, hüquq müdafiəçisi Blinkenin çağırışına müsbət yanaşır:

Rəsmi Bakı nədənsə, Dövlət katibi ilə ölkə başçısının insan hüquq və azadlıqlarını müzakirə etməsini yaymayıb. Amma Dövlət Departamentinin yaydığı məlumatdan aydın görünür ki, Blinken əvvəllər istifadə etmədiyi ritorikanı işə salıb və haqsız həbs olunan şəxslərin azadlığını tələb edib”.

Foto: Rüfət Səfərovun şəxsi arxivindən

Əvvəlki illərdə kollektiv Qərb prioritetləri sıralayanda enerji, iqtisadi və təhlükəsizlik maraqlarını önə çəkib, sonradan isə insan haqları və demokratiyadan danışıb. Son dövrlərdə isə azadlıqlar və vicdan məhbusları ilə bağlı çağırışlar artıb. Ümid edirəm ki, Qərbin çağırışları Bakıda müəyyən nəticələrə gətirib çıxaracaq”, – Səfərov Meydan TV-yə belə deyib.

Onun sözlərinə görə, haqsız və əsassız həbs ifadəsi dəqiq mövqedir, həm də aydın çağırışdır:

“Əvvəllər Qərb diplomatlarının Bakıya yönələn açıqlamalarında belə tərz yox idi. Ümid edirəm ki, bu tərzdə çağırışlar daha ardıcıl və sistemli xarakter daşıdıqdan sonra, bəlkə, Bakı nəticə çıxarar”.

Siyasi şərhçi Rauf Mirqədirov isə fərqli düşünür və siyasi məhbusların azad edilməsi ilə bağlı ciddi gözləntisi yoxdur:

“Yaxın vaxtlarda jurnalistlərin və digər siyasi məhbusların azad olunacağını gözləmirəm. Bir şeyi nəzərə alın ki, onların əksəriyyəti istintaq mərhələsindədir, belə olanda hüququ baxımdan bu mümkün deyil. Yalnız parlament tərəfindən qəbul oluna biləcək Amnistiya Aktında siyasi məhbusların və jurnalistlərin ittiham olunduğu maddələrin amnistiya düşməsi ilə bu mümkündür”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Ümumiyyətlə, istintaq mərhələsində çox az hallarda insanları azad edirlər. Nəhayət, son vaxtlar istintaq mərhələsinin sürətləndirilməsi də görünmür”, – deyə Mirqədirov bildirib.

Amma o, Blinkenin çağırışını müsbət sayır və hesab edir ki, bu, Azərbaycan-Qərb münasibətlərində hələ də insan haqları məsələlərinin gündəmdə olduğunu göstərir.

Mirqədirovun sözlərinə görə, əgər hakimiyyət bu il parlament seçkilərinə getsə, müxalif düşərgəyə və müstəqil mediaya təzyiqləri artıracaq:

İllərdir ki, hakimiyyətin dəyişməyən siyasəti belə olub, başqa variantla rastlaşmamışıq. Ona görə hakimiyyətin yumşalmağa gedəcəyinə ümidli deyiləm”.

Hüquq müdafiəçisi Samir Kazımlı da həm Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, həm də insan haqları ilə bağlı Blinkenin tez-tez Əliyevlə danışmasını müsbət hal kimi dəyərləndirir:

“Sonuncu dəfə Blinkenin Əliyevlə söhbəti zamanı insan haqlarına toxunması yaxşı haldır. Ümumiyyətlə, ABŞ və Avropa rəsmiləri Azərbaycan hakimiyyəti ilə ünsiyyət zamanı müzakirə predmeti hansı mövzu olursa-olsun, insan haqları mövzusunu qaldırsalar, faydalı olar. Ona görə ki Azərbaycanda insan haqları ilə bağlı ciddi problemlər var və insan haqları təmin edilmədən digər sahələrdə köklü inkişaf ola bilməz”.

Samir Kazımlı
Foto: Samir Kazımlının şəxsi arxivindən

Kazımlı təəssüflənir ki, bəzən Qərb rəsmiləri ilə Azərbaycan hakimiyyət təmsilçiləri arasındakı müzakirələr zamanı insan haqları mövzusu arxa plana keçirilir və ya formal olaraq toxunulur:

“Bu da Azərbaycanda insan haqlarının müdafiəsinə mənfi təsir edir”.

Rəsmi məlumata gəlincə, Kazımlı deyir ki, bu, Azərbaycan hakimiyyətinin ənənəvi siyasətidir.

Onun fikrincə, hakimiyyət məlumatları Azərbaycan ictimaiyyətinə, daxili auditoriyaya istədiyi və özünə sərf etdiyi kimi verir:

Yeri gəlmişkən, hakimiyyətin müstəqil medianı xoşlamadığının bir səbəbi də budur. Hakimiyyət məlumatları belə formada yaymaqla cəmiyyəti manipulasiya etmək istəyir. Müəyyən adamları belə məlumatlarla inandıra bilərlər. Amma bu, yanlışdır. Çünki indi əhalinin əksəriyyətinin internet vasitəsilə alternativ mənbələrə çıxış imkanı var”.

O bildirir ki, Blinkenin insan haqları məsələsini qaldırmasının təsirləri də ola bilər:

“Amma bunun əsaslı şəkildə təsiri olacaqmı? Bu suala cavab tapmaq çətindir. Çünki bunun üçün Azərbaycan hakimiyyətinin siyasi iradəsi olmalıdır. Azərbaycan hakimiyyəti yaydığı rəsmi məlumatda insan haqları məsələsini qeyd etməməyi onu göstərir ki, hakimiyyətin belə bir siyasi iradəsi yoxdur”.

“Ümumiyyətlə, hakimiyyət insan haqları ilə bağlı, xüsusilə siyasi məhbusların azadlığa buraxılması üçün addımları çox vaxt məcburiyyətdən atıb. Yəni beynəlxalq təzyiqlər artanda. Amma yaxşı olardı ki, Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirib beynəlxalq təzyiqlər olmadan da insan haqları ilə bağlı problemləri həll etsin”, – deyə hüquq müdafiəçisi vurğulayıb.

Azərbaycanda siyasi məhbusların sayı ilə bağlı rəqəmlər fərqlidir.

2023-cü ilin oktyabrında “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq yenilənmiş siyahısında 235 nəfərin adını daxil etmişdi.

Hökumət rəsmiləri Azərbaycanda siyasi məhbusların olması ilə bağlı yerli və beynəlxalq təşkilatların açıqlamalarını qəbul edilməz sayaraq həbs olunanların cinayət törətdiklərini bildirirlər.

Ana səhifəSiyasətHüquq müdafiəçisi: “Blinkenin haqsız həbs ifadəsi dəqiq mövqe, aydın çağırışdır”