close

Avropa Məhkəməsi ictimai fəallarla bağlı qərarını açıqladı

NİDA Vətəndaş Hərəkatı, Foto: NİDA Vətəndaş Hərəkatı

Keçmiş NİDA-çıların işində yalnız hüquqi məsrəflər ödəniləcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı vətəndaş cəmiyyəti fəalları ilə bağlı qərar çıxarıb. Həmin işlərlə bağlı hökumət ərizəçilərə və vəkillərinə 13 min avrodan (23 min manatdan çox) artıq təzminat ödəməlidir.

“Rəşad Həsənov və başqaları Azərbaycana qarşı” – işi ilə bağlı ərizələr vətəndaş cəmiyyəti fəalları və NİDA vətəndaş hərəkatının üzvləri olan Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlının qanunsuz silah saxlama və kütləvi iğtişaşlar törətməkdə ittiham edilib, cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır.

Ərizəçilər AİHM qarşısında bildiriblər ki, onlara qarşı açılmış cinayət işi uydurma olub. İfadə və dinc toplaşmaq azadlığı hüquqlarına qanunsuz müdaxilə edilib.

Onlar həmçinin bildiriblər ki, barələrindəki milli icraatlar onların Konvensiyanın 6-cı, 10-cu və 11-ci maddələri ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və toplaşmaq azadlığı hüquqlarını pozub.

Bu ərizənin kommunikasiyası zamanı hökumət AİHM-ə ərizəçilərin məruz qaldıqları pozuntuların aradan qaldırıldığını bildirib.

Deyib ki, ərizəçilərə qarşı cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən bəraətverici əsaslarla xitam verilib, ərizəçilərdən ikisinə 66 min 700, digər 2 ərizəçiyə isə 28 min 300 manat zərər əvəzi ödənilib.

AİHM bunları nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara görə, ərizəçinin vəkillərinə ümumilikdə 4 min avro hüquqi məsrəf əvəzi, R.Axundov və Z.Qurbanlının nümayəndəsi Xalid Bağırova 1000 avro tərcümə və poçt xidmətləri əvəzi ödənilməlidir.

“Cəlal Hüseynov və başqaları Azərbaycana qarşı” – işi müxtəlif ittihamlarla mühakimə olunan ərizəçilərin (Cəlal Hüseynov, Zaur Qənbərov, Natiq Məhəmmədsoy) Bakı Ağır Cinayətlər Məhkəməsi, Gəncə Apelyasiya Məhkəməsi və Xəzər Rayon Məhkəməsindəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı olub.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edib.

Bu işdə tərəflər dostca anlaşıb. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1700 avro mənəvi zərər, 600 avro hüquqi xərc əvəzi ödəməlidir.

“Ağahüseyn Gözəlov Azərbaycana qarşı” – ərizə 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlıdır. Seçkidə namizəd kimi iştirak edən ərizəçi, birmandatlı seçki dairələrində baş verdiyi iddia olunan müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərinə səmərəli baxılmamasından şikayət edib.

Bu işdə hökumət AİHM-ə iddia edilən pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin vaxt ərizəçi vəfat etdiyindən onun oğlu şikayəti davam etdirib, bu kontekstdə tərəflər dostca anlaşıblar.

Həmin anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3000, hüquqi xərclər əvəzi 500 avro ödəməlidir.

Ana səhifəSiyasətAvropa Məhkəməsi ictimai fəallarla bağlı qərarını açıqladı