close

Prezident tələsmir

İ.Əliyev. Ş.Mişel və N.Paşinyan. Mənbə: president.az

Zərdüşt Əlizadə

Qranada görüşü iflasa uğrayandan sonra erməni tərəfi anladı ki, iki yoldan birini seçməlidir

Xeyli adam oktyabrın 5-ni gözləyirdi ki, İspaniyanın Qranada şəhərində  Azərbaycan və Ermənistan rəhbərləri görüşüb gələcək hadisələrin səmtini müəyyənləşdirsinlər. Bundan sonra jurnalistlər və siyasətşünaslar biləcəkdi ki, nəyi və necə yazıb-yozsunlar.

Alınmadı. Prezident İlham Əliyev Qranadaya gəlmədi. Sözü də bu oldu ki, madam Emmanuel Makron Ermənistan tərəfində oynayır, qoy Türkiyə də bizim tərəfdə oynasın. Avropalılar bu təkliflə razılaşmadılar. Yəqin bilirdilər ki, Ərdoğanın qoşulduğu danışıqların axırı adətən necə qurtarır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Müxtəsər, İlham Əliyev Qranadaya getmədi. Bu zaman elə bil Qranada üzüyünün firuzə daşı düşüb itdi.

Sözsüz, Avropa başçıları öz aralarında xeyli məsələni üyüdüb un etdilər, fəqət firuzə qaşın öz yeri var.

Paşinyan pərt olmasın deyə bəyanat verdi, dedi ki, mən Qranadada sülh sənədinə imza atmağa hazır idim. Deməyinə dedi, amma inanan olmadı, zira Qarabağ xəmirinin çox su aparacığına Qərbdə çox adam ümid edir.

Əgər adamın yeri rahatdırsa, niyə tələssin? Azərbaycanın yeri rahatdır deyə, fikirləşir: hara tələsirik? Niyə tələsirik? Qovan var?

Qovan yoxdur, yerimiz də rahatdır. Qarabağ tam azad edilib. İrredentistlərin başçıları qazamatda ifadə verir. Artıq 15 qarabağlı erməni reinteqrasiya üçün müraciət edib. Cənab Ərdoğan Naxçıvanda bildirdi ki, dəmir yolu İran ərazisindən çəkilə bilər. Bu minvalla Zəngəzur dəmir yolu layihəsi deyəsən gedəcək Bakı-Yerevan-Ceyhan neft kəməri layihəsinin yanına.
Bakıda sakitlikdir. Milli Məclis İlham Əliyevi silist etmir. Küçələrdə nümayiş yoxdur. Amma Yerevanda siyasi qasırğa tüğyan edir. Müxalifət Nikol Paşinyana parlamentdə ən ağır ittihamları səsləndirir, küçələrdə isə nə qədər bekar varsa, hamısı baş naziri istefaya çağırır.

Bu Yerevan lap 1990-1992-ci illərin Bakısını xatırladır. Düzdür, Nikol heç mərhum Ayaza bənzəmir, qaçmır, döyüşür.

Qranada sammiti Azərbaycansız və Türkiyəsiz keçdi. İlham Əliyev qatılsaydı, Makron zilə qalxmağı planlaşdırırdı. Azərbaycan prezidenti gəlmədiyindən Avropa başbilənləri pərt olmamaq üçün bir dənə müvazinətli-abırlı bəyanat verdilər və dedilər ki, indiyəcən barış istiqamətində atılımış bütün addımlar düzgün addımlardır və Avropa bu istiqamətdə getmək niyyətindədir.

Yəni, İlham nüəllim, bizdən incimə, bizi saya al, gələn dəfə də bizimlə görüşdən imtina etmə, sən gəlməsən, bizim görüşlərin qara qəpiklik əhəmiyyəti olmayacaq. Düzdür, biz Paşinyanla danışırıq, amma Ermənistanın vəznini nəzərə alsaq, ortaya qoyası ciddi bir nəticə alınmır.
Qəbul etdiyimiz bəyanatda Azərbaycanın xətrinə dəyəsi heç zad yoxdur.

Ha, indi nə olacaq? Məncə, gələn görüş Tbilisidə olacaq. Heç bir vasitəçi lazım deyil. Hər iki tərəf bir-birini əla anlayıb. Tbilisidə ikilikdə əyləşib söhbətləşib sülh sazişini imzalayacaqlar.
Qranada görüşü iflasa uğrayandan sonra erməni tərəfi anladı ki, iki yoldan birini seçməlidir.
Birinci yola onu Fransa çəkir. Fransa bu birinci yolda özünə Avropa İttifaqını və Almaniyanı da qoşmağa çalışır.

Ermənistan Fransaya uyub bu yolu seçsə, gərək sülh sazişindən imtina edə, sənəd-sübut toplayıb gedə Haaqa Məhkəməsinə və orada tələb edə ki, Qarabağ ermənilərinin Azərbaycan dövlətində yaşamasının qeyri-mümkün olması barədə qərar çıxarılsın. Əgər Haaqa Məhkəməsində arzuladığı qərarın çıxarılmasına nail olsa, Ermənistan Fransanın qoltuğuna girib getməlidir BMT-nin Təhlükəsizlik Şürasına ki, orada beş veto hüququ olan böyük dövlət yekdilliklə Haaqa Məhkəməsinin qərarının icrasını Azərbaycandan tələb etsin. Təbii ki, Azərbaycan buna razılığını verməyəndə BMT inadkar Azərbaycanı ram etmək məqsədilə müxtəlif dövlətlərin silahlı qüvvələrindən təşkil edilmiş hərbi-siyasi bir koalisiya yaratmalı və Azərbaycana hücum etməlidir, necə ki, 1999-cu ildə Serbiyaya hücum çəkmişdi. Yəni Qarabağ ermənilərinin xilası naminə Kosovo variantı – Qarabağın Azərbaycandan zor gücünə ayrılması planı – işə düşməlidir.

Ermənilər bu nağıla inanmaq istəyir. Hörmətli oxucu, bəs siz? Bu nağıla inanırsınızmı? İnanırsınızmı ki, NATO ölkələrinin aviasiyası Ermənistanın və Fransanın istəyinə uyğun olaraq Bakını bombalayacaq? İnanırsınızmı ki, BMT TŞ-nin veto hüququ olan beş dövləti – ABŞ, Rusiya, Çin, Fransa və Britaniya – Azərbaycana qarşı təcavüz barədə qərar layihəsinə yekdil səs verəcək? İnanırsınızmı ki, konsensus meyarı ilə fəaliyyət göstərən NATO öz cox mühüm üzvü olan Türkiyənin və Macarıstanın rəyini nəzərə almadan Azərbaycanı bombalamaq barədə qərar çıxaracaq?

Bizim başıbəlalı qonşular bu nağıla çox inanmaq istəyirlər, fəqət anlamırlar ki, bu parlaq siyasi əməliyyatın elə birinci mərhələsində, yəni Haaqa Məhkəməsinə müraciət mərhələsində onları acı həqiqət gözləyir. Bu müraciətin bir əmması var. Bir rus məsəli deyir ki, “güclü ilə dalaşma, varlını məhkəməyə vermə”. Yəni güclü səni döyəcək, varlı pul basıb məhkəməni udacaq. Nikol Paşinyan Haaqa Məhkəməsinə etnik təmizləmə və kütləvi qırğın barədə sənəd-sübut təqdim etsə, İlham Əliyevin kirələdiyi ən bahalı və ən savadlı avropalı vəkillər bizim xeyrimizə ondan on qat artıq sənəd-sübut təqdim edəcəklər. Maşallah ki, son 30 ildə canilər rahatlıq bilmədən gecə-gündüz çalışıb Azərbaycana erməni tərəfinin törətdiyi cinayətlər barədə elə zəngin sübut-dəlil veriblər ki, onları danmaq hətta Haaqa Məhkəməsi üçün mümkün deyil. İllah ki, bu dəlilləri Avropanın mötəbər və ağlasığmaz yüksək muzd alan vəkilləri təqdim edə.

Bu vəkillər isə Avropanın ən vicdanlı media kapitanları ilə məhrəmanə sıx əlaqə qurmağın dilini bilirlər. Odur ki, Ermənistan birinci yolu seçsə və Avropa mediası “erməni faşizmini ifşa edən”, “erməni faşistlərini yıxıb-sürüyən” palaz-palaz məqalələr çap etsə, sənədli filmlər nümayiş etdirsə, təəccüblənməyin. Hər şey bazar iqtisadiyyatının ən demokratik qanunlarına uyğun cərəyan edəcək.

Qranada görüşü iflasa uğrayandan sonra erməni tərəfi anladı ki, iki yoldan birini seçməlidir.

Çərxi-fələk tam amansız deyil, dövran edəndə Allahın bəndəsinə həm də ağıla və dərrakəyə uyğun qərar çıxarmaq, faydalı seçim etmək fürsəti verir.

İkinci yol da var, və Ermənistan dövləti, erməni xalqı və erməni siyasiləri bu yolu da seçə bilərlər. Ermənistan bu yolu seçsə, erməni xalqını dəfələrlə qırğın və faciələrə gətirmiş yadelli hamilərə məhəl qoymadan qonşu Azərbaycan ilə uzaqda deyil, lap elə yaxın Tbilisidə görüşüb ümumi razılığa gələ bilər.

Nədir bu razılıq? Bu razılığın əsas hissəsi artıq əldə edilib. Yəni Ermənistan 44 günlük müharibədən sonra Qarabağın Azərbaycana mənsub olduğunu tanıyıb. Qarabağ ərazisində yerləşən hərbi hissələrin çıxarılmasına heç cür razılığını verə bilmirdi, bu müşkülə də Azərbaycan ordusu 200 şəhidin canı, 500 qazinin sağlamlığı hesabına əncam qıldı.

Ortada nə qaldı? Zəngəzur dəmir yolu? Cənab Ərdoğan dedi ki, Ermənistan öz ərazisindən dəmir yolu çəkməsə, bu yol İrandan keçəcək və İran buna razıdır.

Daha nə qaldı? Sərhədlərin demilitasiyası iki dövlətin birgə yaratdığı komissiyanın işidir, başlasınlar işləməyə. Peşəkarlar birgə işləyəndə, coğrafiya və siyasət elminin hamı tərəfindən qəbul edilmiş qaydaları sürətlə xatırlanır və ortaq məxrəcin tapılması asanlaşır.

Bəs Qarabağ ermənilərini taleyi necə olacaq? Azərbaycan hökuməti neçənci dəfədir təklif edir, istəyən qayıtsın, ev-eşiyinə yiyə dursun, getsin “Asan xidmət”in Xankəndi şöbəsinə, mülkiyyətini Azərbaycan qeydiyyatından keçirib qanuniləşdirsin, əlinə sahiblik sənədini alsın və sonra Xankəndi dükanlarına baxsın. Çörək də, bütün ərzaq növləri də orada olacaq.

Papağını qarşısına qoyub fikirləşsin. İstəsə vətəni Qarabağda qalmaq və yaşamaq, qalsın və yaşasın. İstəməsə, malını-mülkünü bazar qiymətinə sata, pulunu götürə və sağ-salamat Azərbaycanı tərk edə bilər. İnciməyə, haray-həşir qoparmağa nə hacət?

Bu beynəlxalq hüquqa və insanlığa münasib təklif və imkan razılaşdırılandan sonra qalır Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması. Sülh sazişi imzalanan günün sabahı Ermənistan və Türkiyə öz aralarında çoxdan hazırlanmış müvafiq sənədləri imzalayıb iki qonşu dövlət arasında diplomatik, humanitar və iqtisadi münasibətləri tənşimləyəcəklər, sərhədlər və yollar açılacaq.

Beləliklə, 30 ildir bütün bölgənin rahatlığını pozan, insanların təhlükəsizliyinə böyük xətər törədən bir münaqişəyə son qoyulacaq.

Əlbəttə, Emmanuil Makron dilxor olacaq və inciyəcək, fəqət Fransanın dünya şöhrətli mineral sularından bir badə içib hirsini yatıra bilər.

Ana səhifəMənim FikrimcəPrezident tələsmir