close

Avropa Şurasının Baş katibi İlham Əliyevlə görüşdü

Foto: president.az

Mariya Peyçinoviç Buriçin sülhü və islahatları təqdir etdiyi deyilir

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib.

Bu barədə dekabrın 8-də “president.az” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Mariya Peyçinoviç Buriç İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Baş katib Azərbaycanın Avropa Şurasının bir çox konvensiyasını imzaladığını və ratifikasiya etdiyini xatırladıb.

Bildirib ki, Azərbaycan İnsan orqanlarının alverinə qarşı Konvensiyanı imzalayıb.

Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir etdiklərini deyən Mariya Buriç bu xüsusda Bakı və Yerevan arasında qəbul olunmuş birgə bəyanatı yüksək qiymətləndirib.

O, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu da deyib.

İlham Əliyev isə bildirib ki, Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir:

Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır”.

Tərəflər AŞPA-da Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında da əlaqələrin və konstruktiv dialoqun vacibliyindən də danışıblar.

Dekabrın 7-də Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistanın isə 2 Azərbaycan hərbçisini azad etməsi barədə razılığa gəlib.

Ana səhifəSiyasətAvropa Şurasının Baş katibi İlham Əliyevlə görüşdü