close

Azərbaycan 32, Ermənistan 2 hərbçini geri qaytaracaq

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Ölkələr arasında razılıq əldə olunduğu deyilir

Azərbaycanın erməniəsilli 32 şəxsi, Ermənistanın isə 2 Azərbaycan hərbçisini azad etməsi barədə razılığa gəldiyi bildirilir.

Bu barədə dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında razılıq əldə olunub.

“Azərtac”ın yazdığına görə, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş anti-terror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər:

“32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz”.

Foto: Zef art/Shutterstock

“Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər”,-deyə məlumatda qeyd olunub.

Ermənistan mediası məlumatı təsdiqləyib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “X” hesabında (Twitter) Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıb.

Şarl Mişel. Foto: Aİ

“Saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi “Brüssel prosesi”nin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır”.

İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – deyə Mişel əlavə edib.

Elə bu gün Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

a
Mənbə: Reuters

Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib.

Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, – deyə məlumatda qeyd olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda görüşün keçirilməsi ilə bağlı dəvətə hələ reaksiya verməyib.

Ceyms O’Brayn. Foto: “Turan”

Dekabrın 7-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirdiyi görüşlərdən sonra “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazmışdı ki, Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan dekabrın 7-də yerli mediaya deyib ki, Azərbaycanla sülh müqaviləsi 10 və ya 5 gün ərzində imzalana bilər:

Təkliflərimizi göndərmişik, bu, artıq 6-cı mübadilədir. Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməyəcək․․․ bunu bir neçə gün ərzində edə bilərsiniz”.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Ana səhifəSiyasətAzərbaycan 32, Ermənistan 2 hərbçini geri qaytaracaq