close

Avtoqəzada qolunu itirən bloger həmin hadisəyə görə məhkəmə qarşısına çıxarılır

Nicat Şakirli. Foto: sosial şəbəkə

“Nikosayağı” adıyla tanınan bloger Nicat Şakirlinin yanvarın 23-də məhkəməsi başlayır, ittiham olunduğu maddədə 8 ilə qədər cəza nəzərdə tutulub

Sosial şəbəkələrdə “Nikosayağı” adıyla tanınan bloger Nicat Şakirli 2023-cü ilin avqustunda baş vermiş və ölümlə nəticələnən avtomobil qəzasına görə yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq. Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozma – ölümə səbəb olduqda) maddəsilə təqsirləndirilən blogerin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Bu hadisənin məhkəmə araşdırması Samir Əliyevin sədrliyilə, Faiq Qəniyev və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, blogerin işi üzrə məhkəmə prosesi yanvarın 23-də başlayacaq.

Nicat Şakirli həbsdə deyil, istintaq dövründə onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Sözügedən avtomobil qəzası avqustun 15-də gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində baş verib. Nicat Şakirliyə məxsus “Porsche” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə “Porsche”də olan Ruslan Məmmədov hadisə yerində həyatını itirib.

1996-cı il təvəllüdlü Ruslan Məmmədov Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur.

Avtoqəza nəticəsində Nicat Şakirli özü də ağır xəsarət alıb. 29 yaşlı blogerin qolu dirsək hissədən amputasiya olunub.

Nicat Şakirlinin ittiham olunduğu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialAvtoqəzada qolunu itirən bloger həmin hadisəyə görə məhkəmə qarşısına çıxarılır