close

ÜST Qəzzanın şimalına tibbi ləvazimat aparan missiyanın səfərini ləğv etməli olduğunu deyir

Qəzza. Foto: Reuters

“Qəzzanın şimalına sonuncu dəfə çata bildiyimizdən artıq 12 gün keçir”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik zəmanəti ala bilmədiyi üçün yanvarın 7-də Qəzzanın şimalına tibbi ləvazimat aparan missiyanın səfərini ləğv etməli olduğunu açıqlayıb.

ÜST dekabrın 26-dan bəri dördüncü dəfədir ki, Qəzzanın şimalındakı Əl-Avda xəstəxanasına və mərkəzi aptekə təcili ehtiyac duyulan tibbi ləvazimatları göndərmək üçün planlaşdırılan missiyanı təxirə salmalı olur.

Ümumdünya Səhiyyə Təşkilatının işğal olunmuş Fələstin ərazilərindəki ofisi “X” sosial media platformasında yazıb:

Qəzzanın şimalına sonuncu dəfə çata bildiyimizdən artıq 12 gün keçir”.

Təşkilat əlavə edib ki, səbəb güclü bombardmanlar, hərəkət məhdudiyyətləri və kəsilmiş rabitədir:

Bütün bunlar xüsusən də şimala tibbi ləvazimatların müntəzəm və təhlükəsiz çatdırılmasını demək olar ki, qeyri-mümkün edib”.

ÜST bildirib ki, yanvarın 7-də çatdırılması planlaşdırılan yardım anklavın şimal hissəsindəki beş xəstəxananın fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuşdu.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, Qəzzanın şimalındakı sağlamlıq ehtiyaclarının miqyasından və dağıntılardan şokdadır:

Daha çox gecikmələr çox sayda insan üçün daha çox ölüm və əzablara səbəb olacaq”.

Ayrı-ayrı şərhlərdə Beynəlxalq Xilasetmə Komitəsinin yardım qrupu, təcili tibbi yardım qrupunun və Fələstinlilərə Tibbi Yardım xeyriyyə təşkilatının da İsrailin bölgədəki hərbi fəaliyyətini artırması səbəbindən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldıqları bildirilib.

Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubunda ölümcül hücumundan sonra başlayan İsrail hücumu Qəzzanın 2,3 milyonluq əhalisinin əksəriyyətini didərgin salıb. Şəhərin əksər hissələrində mülki infrastruktur məhv edilib, qida, su və dərman çatışmazlığı yaranıb.
İsrail tərəf isə daim açıqlamalarında mülki əhalini hədəf almadığını, HƏMAS-ın ərazidəki bazalarını vurduğunu bildirib. Həmçinin, qeyd edib ki, dəfələrlə mülki əhalinin ərazidən uzaqlaşması üçün şərait yaradılıb, onlara çağırış edilib.

Ana səhifəDünyaÜST Qəzzanın şimalına tibbi ləvazimat aparan missiyanın səfərini ləğv etməli olduğunu deyir