close

AXCP fəalı ölüm aclığına başlayacağını açıqladı

Elxan Əliyev. Foto: E.Əliyevin şəxsi arxivindən

Məhkəmə vəsatətləri təmin etməyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10 aydır həbsdə olan fəalı Elxan Əliyev “ölüm aclığına” başlayacağını bildirib. O, Bakı Apelyasiya Məhkəməsində bu barədə məlumat verərək deyib ki, mayın 15-dən quru aclıq keçirəcək – qida və sudan imtina edəcək. AXCP funksioneri bildirib ki, qanunsuz həbsinə etiraz olaraq, bu addımı atır. Onun sözlərinə görə, heç bir cinayət törətmədiyi halda, siyasi sifarişlə 10 aydır həbsdə saxlanılır.

Mayın 13-də Bakı Apelyasiya Məhkəməsində Elxan Əliyevin 5 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş şikayətə baxılıb.

Hakim İbrahim İbrahimlinin sədrliyilə keçirilən məhkəmə iclasında Elxan Əliyevin vəkili Nemət Kərimli müvəkkilinin şüşə kabinədən çıxarılıb, müdafiəçisinin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Vəkilin daha bir vəsatəti isə cəbhəçi fəalın ev dustaqlığına buraxılması haqda olub. Nemət Kərimli bildirib ki, bu Elxan Əliyevə qarşı dələduzluq ittihamını təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Müvəkkilinin insult keçirdiyini, səhhətində ciddi problemlər olduğunu vurğulayan vəkil deyir ki, Elxan Əliyev ev dustaqlığına buraxılsa, məhkəmədən yayınmaq niyyətində deyil, himayəsində 3 azyaşlı övladı var.


Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

Elxan Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə baxışı mayın 27-nə təyin edilib.
Elxan Əliyev torpaq alqı-satqısı zamanı dələduzluqda ittiham olunur. Hökmə əsasən, Elxan Əliyevlə birlikdə eyni ittihamla mühakimə olunan Vəfadar Axundov və Yusif Əliyevə isə şərti cəza verilib.

Amma onların üçünə də Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə ittiham verilib.

Cinayət işində Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsinin satışından bəhs olunur. Zərərçəkmiş qismində tanınan Ramo Şükürov iddia edir ki, ona mülkiyyət sənədi olmayan, bələdiyyənin sərəncamıyla verilmiş torpaq sahəsi 57 min manata satılıb.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir. Onlar bildirirlər ki, əvvəldən Ramo Şükürov özü də torpağın çıxarışının olmadığını, bələdiyyə sərəncamıyla verildiyini bilirdi.

Elxan Əliyev bildirib ki, Ramo Şükürov müəyyən strukturlarda çalışan qohumlarının olduğunu və onların köməyilə çıxarış alacağını demişdi. Lakin torpaq sahəsini alıb, pulunu verəndən dərhal sonra polis idarəsində şikayətçi olub. Deyib ki, onu aldadıb, sənədsiz torpaq satıblar.

Əvvəllər daşınmaz əmlak alqı-satqısıyla məşğul olan AXCP üzvü vurğulayıb ki, Ramo Şükürov özü israrla ona zəng edib, bağ evi, torpaq sahəsi tapmasını istəyib. Hətta bu şəxsin ona dəfələrlə zəng etməsi, israrla görüşmək istəməsindən də şübhələnib. Bu şəxsin məqsədli şəkildə onun yanına göndərildiyini düşünüb. Bununla əlaqədar AXCP funksionerlərindən olan dostuna videogörüntü də göndərib. Həbsindən bir neçə gün əvvəl göndərdiyi videoda Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirib.

“Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Amma yenə də əl çəkmir. İndi yenə zəng eləyib, deyir ki, “gedək, çörək yeyək, yaxından tanış olaq”. Bilmirəm ki, nə məsələdir. Hakimiyyətin oyunudur, nədir…”, – Elxan Əliyev videoda deyir.

Bu videogörüntü məhkəməyə də təqdim edilib. Elxan Əliyev əvvəldən hazırlanan təxribat nəticəsində həbs olunduğunu vurğulayıb.

Ramo Şükürovun torpaq sahəsini aldığı şəxsə ödədiyi 57 min manat ona tam şəkildə qaytarılıb. Elxan Əliyev deyir ki, alqı-satqı prosesində makler olaraq, ona 3900 manat pul çatmışdı, o da ödənilib.

Vəkil Nemət Kərimli
Foto: Nemət Kərimlinin şəxsi arxivindən

Zərərçəkmiş məhkəmədə bildirib ki, pulu qaytarılsa da, şikayətçidir.

Elxan Əliyevin vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, cinayət işində müvəkkilinin dələduzluq etməsi, saxta sənəddən yararlanmasını təsdiqləyən heç bir sübut-dəlil yoxdur.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var:

“Həbsdə olduğu 10 ay ərzində istintaq təcridxanasında bir neçə dəfə vəziyyəti pisləşib. Ortada heç bir sübut-dəlil olmadan 3 azyaşlı körpənin atasını bu vəziyyətə salmaq olmaz”.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı olan Elxan Əliyev bundan əvvəl də etiraz aksiyalarında və s. dəfələrlə saxlanılıb. Ona polisin tələbinə tabe olmama ittihamıyla bir neçə dəfə 30 sutkalıq inzibati həbs cəzası verilib.

Ana səhifəSiyasətAXCP fəalı ölüm aclığına başlayacağını açıqladı