close

Ayxan İsrafilovun həbsxanada zorakılığa məruz qaldığı bildirilir

Ayxan İsrafilov. Foto: Ayxan İsrafilovun şəxsi arxivindən

“Etirazına görə onu dəhşətli şəkildə döyüblər”

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilovun 10 saylı cəzaçəkmə müəssisəsində zorakılığa məruz qaldığı bildirilir. Bu barədə məlumat verən yaxınları deyir ki, Ayxan İsrafilov 15 gündür 10 saylı cəzaçəkmə müəssisəsində olsa da, ailəsinə xəbər verilməyib. Bu üzdən ailə iyulun 14-də müxtəlif cəzaçəkmə müəssisələrini gəzərək, onu axtarıb.

Yaxınlarının sözlərinə görə, həm özləri, həm də vəkil Ayxan İsrafilovun yerini müəyyənləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Lakin məlumat ala bilməyiblər:

“Penitensiar Xidmətdən dedilər ki, yalnız yazılı müraciət əsasında cavab verilə bilər. Bundan sonra Ombudsman Aparatı ilə əlaqə saxladıq. Oradan məlumat aldıq ki, Ayxanı 17 saylı cəzaçəkmə müəssisəsinə aparıblar”.

İyulun 14-də Ayxan İsrafilovun ailə üzvləri 17 saylı cəzaçəkmə müəssisəsinə gedib. Lakin onlara ictimai fəalın orada olmadığı deyilib. Ailə oradan həmin ərazidə yerləşən 2 saylı cəzaçəkmə müəssisəsinə üz tutub. Bu müəssisədən də deyilib ki, Ayxan İsrafilov orada yoxdur. Ardınca 10 saylı cəzaçəkmə müəssisəsinə yollanıblar və ictimai fəalı orada tapıblar.

Görüş zamanı Ayxan İsrafilov deyib ki, iyulun 29-dan bura gətirilib. Müəssisəyə gətirilən kimi də orada zorakılığa məruz qalıb, cərimə kamerasına (“kars”) salınıb:

Orada Ayxan yoxlanışdan keçib, üstündəki dərmanları soruşublar ki, nə üçündür? Ayxan da ayağında xəstəlik olduğunu, buna görə dərman qəbul elədiyini deyib. Müəssisənin əməkdaşları dərmanları götürmək istəyəndə Ayxan etiraz edib. Etirazına görə onu dəhşətli şəkildə döyüblər. 15 dəfə üzünə şillə vurublar, sinəsindən yumqurlayıblar. Sonra da “kars”a salıblar. Evə zəng etməsinə də icazə verilməyib. 14 gün onu “kars”da qeyri-insani şəraitdə saxlayıblar. Yemək verilməyib. Bu müddətdə cəmi 4 yumurta ilə qidalanıb”.

Ailə üzvləri vurğulayıb ki, Ayxan İsrafilov çox çəki itirib. Məruz qaldığı zorakılıq və davamlı aclıq nəticəsində səhhətində problemlər yaranıb – çətinliklə yeriyir və danışır.

İctimai fəal yaxınlarına deyib ki, döyüləndən sonra ona öz əleyhinə izahat yazdırmağa çalışıblar. Yazmalıymış ki, yoxlanış zamanı müəssisə əməkdaşlarına müqavimət göstərib. Lakin o, bu şəkildə izahat yazmaqdan imtina edib və izahatında şəxsi dərmanlarından istifadəsinə qadağaya etiraz etdiyinə görə döyüldüyünü bildirib.

Ailə üzvləri əlavə edib ki, Ayxan İsrafilov hazırda da “kars”da saxlanılır, müəssisədəki digər məhkumların saxlanıldığı yerə buraxılmayıb.

İctimai fəalın yaxınlarının dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Ayxan İsrafilov 2023-cü il avqustun 11-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla da ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Lakin o, özünü təqsirli bilmir, narkotiklə şərlənərək həbs olunduğunu deyir. O, məhkəmədə ifadəsində bildirib ki, işçilərin hüquqlarını müdafiə etdiyinə, tənqidi fikirlərinə və siyasi baxışlarına görə sifarişlə cəzalandırılıb.

2023-cü il avqustun 1-də Bakıda moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

Bundan dərhal sonra Konfederasiyanın sədri Afiyəddin Məmmədov, daha sonra təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Afiyəddin Məmmədov xuliqanlıq və soyuq silahla bədənə xəsarət yetirmə, Ayxan İsrafilov və Elvin Mustafayev isə narkotiklə ittiham olunur. Lakin onların heç biri özünü təqsirli bilmir, hər üçü şərləndiklərini bildirirlər.

Ana səhifəSiyasətAyxan İsrafilovun həbsxanada zorakılığa məruz qaldığı bildirilir