close

Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalaya bilər

Peter Mixalko. Foto: Meydan TV

Mixalko yeni sazişin tez bir zamanda imzalanacağına ümid edir

“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişlə bağlı danışıqlar davam edir, bu həftə də danışıqların növbəti mərhələsi keçirilib”.

Bu fikri dekabrın 15-də Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında səsləndirib.

Xəbəri “Turan” yayıb.

Bildirilir ki, diplomat sazişlə bağlı irəliləyişin olduğunu deyib: “Amma bəzi bəndlərlə bağlı müzakirələr davam edir. İnanıram ki, tezliklə biz danışıqların başa çatmasının və yeni razılaşma əldə edilməsinin şahidi olacağıq”.

Mixalkonun sözlərinə görə, Aİ və Azərbaycan bu il iqtisadiyyat, ticarət və təhsil sahəsində səmərəli əməkdaşlıq ediblər:

“Avropa İttifaqı bu yaxınlarda Azərbaycanda “yaşıl” və rəqəmsal keçidə təkan verməklə iqtisadi inkişafın sürətləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi üçün 2 milyard avro ayrılmasını nəzərdə tutur”.

Səfir Azərbaycanda artıq Aİ tərəfindən dəstəklənən bəzi layihələrin həyata keçirilməsinə başlanıldığını da qeyd edib:

“Bakı Beynəlxalq Dəniz Limanının regionda ən qabaqcıl və yaşıl limana çevrilməsi məqsədilə cari ilin dekabrında limanın idarəetmə sisteminin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsinə başlanılıb”.

Aİ nümayəndəsi həmçinin Gəncədə kənd yerlərində yüksək sürətli internetin çəkilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində “Aztelekom”la əməkdaşlıq etdiklərini də qeyd edib.

O xatırladıb ki, hazırda Azərbaycanda 400-dən çox Avropa şirkəti fəaliyyət göstərir:

“Avropa şirkətləri yeni iş yerlərinin yaradılmasına təkan verir. Bu şirkətlərin dəstəyi ilə Azərbaycanda 2000-ə yaxın yeni iş yeri açılıb. Gələn il Azərbaycanda aqrar biznesə və turizmə investisiyaları davam etdirməyi planlaşdırırıq”.

Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığa toxunan diplomat deyib ki, Aİ elm, təhsil və tədqiqatlar sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsini hədəfləyir.

“Erasmus+ proqramına Azərbaycanın 25-ə yaxın ali məktəbi cəlb edilib. Avropa İttifaqından gündən-günə daha çox tələbə Erasmus+ proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycana gəlir”, – deyə Mixalko bildirib.

Ana səhifəSiyasətAzərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalaya bilər