close

Rusiya Qarabağda sülhməramlılara qarşı təxribatları qəbuledilməz sayır

Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock

Mariya Zaxarova: “Bu təxribatlar haradan gəlməsindən asılı olmayaraq qəbuledilməzdir”

“Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır”

Bunu dekabrın 15-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.

O bildirib ki, mülki əhaliyə problem yaratmaq yolverilməzdir.

Zaxarovanın sözlərinə görə, vəziyyət filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları səbəbindən yaranıb.

“Biz çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edirik. Rusiya sülhməramlı kontingenti vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir”, – Zaxarova belə deyib.

XİN rəsmisi üçtərəfli sazişi xatırladaraq qeyd edib ki, tərəflər öz üzərinə götrdüyü öhdəliklərə ciddi əməl edilməlidirlər:

Mariya Zaxarova
Foto: Lenta.ru

“Biz Rusiya sülhməramlılarına qarşı əsassız təxribat xarakterli ittihamlara münasibət bildirməyə məcburuq. Bu təxribatlar haradan gəlməsindən asılı olmayaraq qəbuledilməz və effektiv olmayandır. Rusiya sülhməramlıları regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edərək öz funksiyalarını tam şəkildə yerinə yetirirlər”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə dost ölkələrin Laçın dəhlizində yaranmış duruma susmasını “qəribə” adlandırıb.

O, hökumətin iclasında bildirib ki, Qarabağda humanitar vəziyyət son dərəcə kəskinləşib.

“Noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyannamədə Ermənistan ərazisindən keçən hər hansı dəhlizin mövcudluğu nəzərdə tutulmur. Ermənistanın imzaladığı heç bir sənəddə belə bir şey nəzərdə tutulmayıb. Ermənistanın kiməsə belə şifahi vəd verməsi ilə bağlı iddialar absurddur, hətta nadanlıqdır”, – Nikol Paşinyan deyib.

Nikol Paşinyan. Foto: Meydan TV

Ermənistanın Baş naziri Azərbaycanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannaməni pozmaqda ittiham edib: “Azərbaycan “ermənisiz Dağlıq Qarabağ” siyasəti aparır və Ermənistan bu siyasətin beynəlxalq səviyyədə müzakirəsi üçün hər şeyi etməlidir”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Laçın yolunun bağlanmasının humanitar fəlakət yaradacağı iddiasını rədd edib.

O, bu açıqlamanı dekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə səsləndirib.

Hikmət Hacıyev aksiyaçıların mülki təyinatlı avtomobillərin hərəkətinə qarışmadıqlarını deyib.

Fotolar: XİN

Dekabrın 15-də Şuşa-Xankəndi yolunda aksiya keçirənlər tələblərini dəyişiblər. Onlar Azərbaycan ərazilərinə silahların daşınmasına icazə verilməyəcəyini bəyan ediblər.

“Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələri qurulsun. Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postları olsun”, – deyə aksiyanın tələblərində qeyd olunub.

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Həmin əraziyə yaxın yerlərdə, məsələn, Horadiz qəsəbəsində (Füzuli rayonu) isə yerli hökumət nümayəndələrinin aksiyalara daha çox insanın qoşulması üçün səfərbər olunduğu bildirilir.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Ana səhifəSiyasətRusiya Qarabağda sülhməramlılara qarşı təxribatları qəbuledilməz sayır