close

Azərbaycan BRİCS-ə necə qoşulur?

BRİCS. Foto: Wiki

İqtisadçı: “Azərbaycanın ixrac potensialı olmasa, yalnız daxili tələb üzərindən böyüyə bilməyəcək”

Azərbaycan BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qoşulmaq arzusunu ifadə edib. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova iyulun 11-də BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

Sahibə Qafarova bildirib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir:

“Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib”.

BRICS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı.

BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcud olan resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətini təmin edir.

İqtisadçı Rövşən Ağayev Azərbaycanın BRICS-ə üzvlük arzusunu Meydan TV-yə şərh edərkən deyib ki, bu birlik böyüməkdə olan dövlətlərin iqtisadi birliyidir:

“Amma BRICS-in içərisində bir neçə ölkənin potensialı xüsusi seçilir, Hindistan, Çin və Braziliya. Şübhəsiz ki, Azərbaycanın ixrac potensialı olmasa, yalnız daxili tələb üzərindən böyüyə bilməyəcək. Bilirsiniz, istənilən kiçik ölkə belədir. Əgər ixrac potensialını böyüdüb, həmin adını çəkdiyim ölkələri bazar kimi istifadə edə biləriksə, qazancımız olacaq. Məsələn, bu gün Gürcüstan Çinə şərablarını və mineral sularını uğurlu şəkildə satır, bu məhsullar qonşu ölkənin ixracında liderlik edir. Biz də nəzəri olaraq 4-5 məhsulumuzu sataraq Hindistan, Çin, Braziliya bazarları vasitəsilə ixrac potensialımızı böyüdə biləriksə, qazancımız ola bilər. Lakin ekspansiyayla məşğul olan Çin və Hindistan bizim kimi ölkələri özlərinə bazar edəcəklərsə, böyük qazancımız olmayacaq”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Rövşən Ağayevin fikrincə, BRICS son vaxtlar iqtisadi liberalizmi boğan və daha çox avtoritarlaşan ölkələrin birliyinə çevrilib:

“Ona görə də Azərbaycanın bu məsələdə mənfi götürəcəkləri odur ki, adlarını çəkdiyim ölkələr iqtisadi liberalizmi rədd edirlər, Azərbaycan kimi ölkələrin isə iqtisadiyyatı islahatlarsız keçinə bilməyəcək. Çin, Hindistan böyük ölkələrdir, sərt, avtoritar üsullarla müəyyən həddə qədər böyüyə bilərlər. Amma Azərbaycan kimi ölkələrdə iqtisadi liberallaşma olmasa, ixrac potensialının böyüməsi mümkün deyil. Və BRICS Azərbaycanın “əl-qolunu” daha çox bağlayacaq və Avropa kimi daha zəngin bazarı itərəcəyik. Ona görə qərar verməzdən əvvəl “tərəzinin gözünə” qoyulub, təhlil aparılmalıdır”.

İqtisadçı onu da bildirir ki, bu birlik iqtisadi şərtlərdən daha çox, siyasi maraqları əsas götürərək siyasi birliyə çevrildiyindən Azərbaycanın maraqlarına cavab vermir:

“Söhbət Azərbaycanın mütərəqqi dünyaya açılmasının qarşısında dayanan siyasi birlikdən gedir”

Ana səhifəSiyasətAzərbaycan BRİCS-ə necə qoşulur?