close

Parlament seçkilərini boykot çağırışı

Azərbaycanda seçki. Foto: PX Media/shutterstock

“Bütün seçkilər məzhəkədir” düşünənlər və ictimai fəallıq üçün seçkini dəstəkləyənlər var

AXCP-nin ardınca Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) da 1 sentyabr növbədənkənar parlament seçkilərini boykot edəcəkləri barədə bəyanat yaydı.

Milli Şura noyabr ayının əvvəlində keçirilməli olan bir seçkini 2 ay önə çəkməyin hansı zərurətdən doğduğunun bəlli olmadığını və qərarın COP 29  tədbiri ilə əsaslandırmağı qeyri-ciddi adlandırıb:

“Görünən odur ki, parlamenti özünün notarial kontoruna çevirmiş İlham Əliyev yalnız özünə və yaxın ətrafına məlum olan motivlərlə belə bir qərar verib”.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda seçki institutu bilavasitə İlham Əliyevin məqsədli siyasəti ilə məhv edilib və vətəndaşların seçkiyə heç bir marağı, inamı qalmayıb:

“1 sentyabr seçkisinə xalqın etinasız münasibəti də bundan irəli gəlir. Elan olunan seçkinin kampaniya müddətinin artıq 3 həftəsi geridə qalır, lakin ölkədə hər hansı seçki ab-havası hiss olunmur. Acınacaqlısı budur ki, İlham Əliyev hökuməti də məhz belə olmasını istəyir”.

“Azərbaycan hakimiyyəti bu seçkiyə sayı 300 nəfəri keçmiş siyasi məhbusla, azad medianı boğub sıradan çıxarmaqla, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə divan tutmaqla gedir. Seçki komissiyaları hakimiyyətin tam nəzarəti altındadır, bütün saxtakarlıq imkanları artırılmış şəkildə yerli və mərkəzi seçki komissiyalarının sərəncamındadır. Vətəndaş cəmiyyətinin, müxalifətin və müstəqil quruluşların səsvermə və səslərin sayılmasına nəzarət imkanı yoxdur”, – bəyanat müəlliflləri vurğulayır.

Milli Şura
Foto: Meydan TV

Daha sonra qeyd olunur ki, mitinq və toplantılar üzərində qeyri-rəsmi qadağa qüvvəsində qalır.

Vəziyyət o həddə çatıb ki, daxili işlər nazirinin müavini seçkinin həm kampaniya müddətində, həm də səsvermə günü total polis nəzarəti altında keçəcəyini açıq bəyan etməkdən belə çəkinmir. Bir sözlə, İlham Əliyev hökuməti seçki adı altında növbəti deputat təyinatlarına hazırlaşır”,-deyə bəyanatda bildirilir.

Milli Şura bəyan edir ki, belə bir şəraitdə keçirilən seçki xalqın iradəsini ifadə edə bilməz və legitim deyil:

Milli Şura 1 sentyabr seçkisini seçki yox, nəticəsi əvvəlcədən müəyyən edilmiş, şəxsən İlham Əliyevin istəyinə uyğun ssenariləşdirilmiş ucuz tamaşa sayır və orada iştirakı lüzumsuz, milli maraqlar baxımından zərərli hesab edir. Bu mənada Milli Şura AXCP-nin 1 sentyabr seçkisini boykot etmək qərarını müdafiə edir və milli maraqları düşünən bütün siyasi qüvvələri belə bir qərar verməyə səsləyir. Milli Şura ölkə vətəndaşlarını səsvermə günü məntəqələrə getməməyə, xalqın hüquq və azadlıqlarını, xoşbəxt yaşamaq imkanlarını qəsb etmiş bir hakimiyyətin saxta seçki tamaşasını hamılıqla boykot etməyə çağırır”.

“Hətta əhali belə seçkilərdə subyekt kimi iştirak etmir”

Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, 2005-ci il seçkilərindən sonrakı bütün seçkilər məzhəkədir:

“Hətta əhali belə seçkilərdə subyekt kimi iştirak etmir. Çünki əvvəlcədən nəticələri məlum olur və seçki subyektləri nəticələrə təsir göstərə bilmir, ona görə tamaşa adlandırmaqda haqlıdırlar. İkincisi, 1 sentyabr seçkiləri də əvvəlkilərdən fərqlənməyəcək. Bəli, boykot tərəfdarlarının “daşdan keçən” arqumentləri var, onların seçkilərdə iştirakı hakimiyyətin legitimləşdirməsinə xidmət etməsi barədə dedikləri əsaslıdır”.

Rauf Mirqədirov seçkilərdə iştirakın qazancının nə olduğu üzərində düşünməyin vacibliyini vurğulayıb:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

İştirak edənlər prosesə qatılmaqla xalqa xidmət etdiklərini deyirlər, mən onların riyakar olduqlarını düşünmürəm, amma onların mütləq əksəriyyəti qeyri-səmimidirlər. Bu məsələnin normal ölkələrdə öz miqyası var, mən azərbaycanlıların sevmədiyi Fransanı misal gətirəcəm, 10 il əvvəl Respublikaçılar Partiyasının lideri Piyonu hədiyyə kimi çox bahalı 2 kostyum aldığına və Avropa Parlamentinin deputatı olanda həyat yoldaşına iş verdiyinə görə seçkilərdən kənarlaşdırdılar. Yaxud Avropa Parlamentinə seçkilərdə uduzan Makron heç nə olmamış kimi yerli seçkilər elan etdi. Yəni öz maraqlarının ziddinə olaraq cəmiyyətin mənafelərini əsas götürüb seçkilərə getdi”.

“Bizim müxalifət boykot etmir, evində oturur”

Azərbaycana gəldikdə, Rauf Mirqədirov hesab edir ki, miqyaslar və nisbət fərqlidir:

“Prezident İlham Əliyev Londondakı 700 milyon əmlak barədə suala çox sakitcə “5 faizi həqiqət ola bilər” deyə cavab verdi. Halbuki, bu, 35 milyon deməkdir. İndi Fransadan misal gətirdiyim 2 kostyum hədiyyə və 35 milyonu müqayisə edin. Yəqin ki, Erkin Qədirli məndən inciməz, özü saxta adlandırdığı seçkidə iştirak etdi, düzdür, yaxşı maaş və əbədi pensiya, amma o, itirdiklərini də düşünməlidir. Bax, miqyaslar arasında fərq budur”.

Bununla belə, Rauf Mirqədirov təəssüflənir ki, Azərbaycan müxalifətinin boykot və seçkidə iştirak resursu yoxdur:

“Bizim müxalifət boykot etmir, evində oturur. Seçkilərdə iştirak edənlərin arqumentləri də zəifdir. Hər iki tərəf bir məsələdə diqqətli olmalıdır: qanunsuz həbs olunanlar barədə düşünməldirlər. Onların arasında ağır xəstə olan insanlar və hələ yaşı 25 olmayan xanımlar var. Mən Ələsgər Məmmədlini, Famil Xəlilovu, Əziz Orucovu və “AbzasMedia”nın əməkdaşlarını nəzərdə tuturam, seçkiyə qatılanların alverlərinin, tələblərinin bir hissəsi heç olmasa, bu insanların azadlığa buraxılması olsun. Mən həbsxanada olmuş insan kimi oranın nə olduğunu bildiyim üçün bunları dedim”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Milli Şuranın arqumentlərini əsaslı saysa da, seçkidə iştirakın tərəfdarıdır.

Bu barədə Meydan TV-yə danışan Bəşir Süleymanlı Milli Şuranın sadaladığı arqumentlərin uzun müddətdir yaşanan problemlər adlandırıb:

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli

Hətta 2000-ci ildə Azərbaycanda 700 nəfərdən çox siyasi məhbus olub, amma müxalifət seçkilərdə iştirak edib. Lakin siyasi azaqlıqların məhdudiyyətlərinə baxmayaraq, biz insanları seçkilərdə iştiraka təşviq edirik. Seçkilərdə iştirak ictimai-siyasi aktivliyi artırır, liderlər insanlarla ünsiyyət qurur və proses yenilənir, motivasiyaya ehtiyac var. Əgər Milli Şuranın arqumentlərini əsas götürsək, o zaman gərək heç bir işlə məşğul olmayaq. Media da onda heç nə yazmasın ki, imkanlar azdır. O cümlədən, siyasi partiyaların da məhdud imkanlar çərçivəsində öz iradələrini ortaya qoymağa ehtiyac var. Elə indiki siyasi azadlıqların boğulduğu zamanda buna ehtiyac var. Əmin olun ki, Milli Şuranın səsləndirdiyi arqumentlər həyata keçsə, nəinki AXCP və Milli Şura, çoxlu siyasi qüvvələr də seçkiyə qatılacaq. 2020-ci ildə oxşar vəziyyət yaranmışdı, onda nə qədər siyasi simalar gündəmə çıxdı və seçki müşahidəliyində canlanma yarandı”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.

Ana səhifəSiyasətParlament seçkilərini boykot çağırışı