close

Azərbaycan Ermənistana sərhəddə görüş təklif edir

Azərbaycan-Ermənistan. Foto: Ilin Sergey/shutterstock

“İki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir”

Azərbaycan Ermənistanı dövlət sərhədində görüşə çağırır.

Bu barədə noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyini yaydığı açıqlamada qeyd olunub.

Nazirlik Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərini 2 ay yarımdır ki, yubatdığını bildirib:

Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. İnanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”.

Foto: XİN

Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”, – deyə XİN əlavə edib.

Noyabrın 18-də Ermənistanın sülh saziş ilə bağlı 6-cı təkliflərini Azərbaycana təqdim etdiyi bildirilir.

Bu barədə noyabrın 21-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ancaq Ermənistan XİN təkliflərin detallarını açıqlamayıb.

Qeyd olunub ki, Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir.

Noyabrın 3-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında Yerevan və Bakının altıncı dəfədir sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi apardığını bildirib.

Mirzoyan bildirib ki, sülh sazişinin birinci prinsipi ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınmasına aiddir:

Ermənistan bu məsələdə maksimum konkretliyi təmin etmək istəyir. Müqavilənin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilib. Ümumilikdə delimitasiya SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır”.

Nazir üçüncü prinsipin regional kommunikasiyaların bloklanmasına aid olduğunu vurğulayıb.

Oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Yerevanın Bakıdan təkliflər aldığını demişdi. Amma Vahan Kostanyan hələlik yeni yazılı təklif təqdim etmədiklərini, müzakirələr apardıqlarını və cavab paketi hazırladıqlarını əlavə etmişdi.

Oktyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsipin razılaşdırıldığını bildirmişdi.

İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il sentyabrın 28-də Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbəri Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətAzərbaycan Ermənistana sərhəddə görüş təklif edir