close

Azərbaycan hakimiyyətinə müraciət: Saxta ittihamı dayandır

Foto: Meydan TV

Jurnalistlər və vətəndaş cəmiyyəti fəalları “AbzasMedia”ya qarşı baş verənlərə etiraz edir

Bir qrup media təmsilçisi və vətəndaş cəmiyyəti nümayəndəsi “AbzasMedia”ya qarşı son günlər həyata keçirilən təzyiqə etiraz edib.

Həmin etirazla bağlı bəyanatda bildirilir ki, Azərbaycanda uzun illlərdir söz və ifadə azadlığı siyasi hakimiyyətin amansız repressiyaları və təhdidi altındadır. Ölkədə bütün fundamental azadlıqlar, xüsusən də, söz və ifadə azadlığı məhdudlaşdırılıb, sıradan çıxarılmağa hesablanıb:

İndiyədək ölkədə bu yöndə atılan addımlar, qəbul edilən mürtəce qərar və qanunlar bu repressiyanın tərkib hissəsi olub. Azərbaycan faktiki olaraq Konstitusiyada müəyyən edilən fundamental hüquq və azadlıqlara, qoşulduğu konvensiyalara və götürdüyü öhdəliklərə qarşı çıxan bir ölkəyə çevrilib. 2021-ci ildən isə davamlı olaraq məhv edilmiş Azərbaycan mediasının az sayda fəaliyyət göstərən nümunələrinin də tamamilə sıradan çıxarılması siyasəti yürüdülür”.

Bəyanatda qeyd edilir ki, bütün bunlara misal kimi 2021-ci ildə qəbul edilən mürtəce “Media haqqında” Qanunu və qanunvericiliyə gətirilən çoxsaylı hüquqazidd normaları, həmçinin, söz azadlığına qarşı amansız davranışları misal göstərmək olar:

Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətin korrupsiya əməllərini araşdıran müstəqil media orqanı “AbzasMedia”ya qarşı noyabrın 20-də başlanan basqılar da siyasi sistemin azad mətbuata qəddar münasibətinin ifadəsidir. Bir gün öncə “AbzasMedia”nın direktoru Ülvi Həsənli zorakılığa məruz qalaraq həbs edilib. O saxlanılarkən işgəncə və qeyri-insani rəftara məruz qalıb. Bundan sonra media orqanının ofisində və Ülvi Həsənlinin mənzilində axtarış aparılıb”.

Jurnalistlər qeyd edirlər ki, beş saat davam edən axtarış zamanı polis əməkdaşları guya saytın ofisində 40 min avro pul “aşkarlayıblar”. Bundan sonra Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb. Lakin repressiya və təzyiqlər bununla da məhdudlaşmayıb.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) noyabrın 21-də ölkəyə qayıdarkən Bakı Hava Limanında saxlanılıb, mənzilində axtarış aparılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb.

Eyni zamanda, “AbzasMedia” ilə əməkdaşlıq edən ictimai fəal Məhəmməd Kekalov 24 saatdan artıqdır ki, saxlanılıb və harada olması barədə hər hansı bir məlumat verilmir.
Bütün bu ittiham və təzyiqlərin nə qədər gülünc və absurd, həmçinin konstitusion hüquqlara, konvensiyalarda nəzərdə tutulan azadlıqlara zidd olduğunu nəzərə alaraq Azərbaycan hakimiyyətinə çağırış edir, bu saxta ittihamı dayandırmağı tələb edirik”.

Jurnalistlər Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlara müraciət edərək onlardan bu məsələni diqqətdə saxlamağı, Azərbaycan hakimiyyətinin hamılıqla tanınan və beynəlxalq hüquqla təsbit edilən təməl hüquq və azadlıqlara dair öhdəliklərini yerinə yetirməyə, onun qanunazidd və repressiv addımlarına qarşı əməli addımlar atmağı tələb edirlər.

“Hesab edirik ki, bütün bu repressiyaların məsuliyyəti birmənalı olaraq beynəlxalq tədbirlərdə Azərbaycanda “media azaddır” deyən Prezident İlham Əliyevin üzərindədir”.

Ana səhifəSiyasətAzərbaycan hakimiyyətinə müraciət: Saxta ittihamı dayandır