close

Azərbaycan hökuməti  Karen Qazaryana mənəvi zərərə görə kompensasiya ödəyəcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

AİHM Ermənistan vətəndaşlarının Azərbaycana qarşı şikayətləri ilə bağlı qərarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 5-də Ermənistan vətəndaşlarının Azərbaycana qarşı şikayətləri ilə bağlı qərar qəbul edib. “Armen Qazaryan və Astqik Bayramyan Azərbaycana qarşı” işində hər iki ərizəçi Ermənistanın Azərbaycanla sərhədindən bir neçə kilometr məsafədəki Berdavan kəndinin sakinləridir.

Ərizəçilərin 39 yaşlı oğlu 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Azərbaycan məhkəmələri onu təxribat və terrorda təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib. O, 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi yolu ilə Ermənistana qaytarılıb.

Ərizəçilər AİHM qarşısında iddia edib ki, övladları Karen Qazaryanın tutulması, həbsi və mühakiməsi Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 5-ci maddələrinin (azadlıq və təhlükəsizlik hüququ) pozuntusu ilə müşayiət olunub. Məhkəmə Qazaryana münasibətdə Konvensiyanın 3-cü, 5.1-ci və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb. Şikayətçilərin digər pozuntularla bağlı iddiaları isə rədd edilib.

Qərara görə, hökumət Karen Qazaryana mənəvi zərər əvəzi 10 min avro, xərc və məsrəflərə görəsə 3225 avro ödəməlidir.

“Qarik Ohanyan və başqaları Azərbaycana qarşı” – işində ərizəçilər Azərbaycanla sərhəddə olan Talış kəndində yaşamış şəxslərdir . Onlar 2016-cı ildə baş vermis aprel döyüşlərindən sonra məhkəməyə üz tutublar.

Bildiriblər ki, döyüşlər zamanı yaşadıqları evi tərk etmək məcburiyyətində qalıblar və onlara münasibətdə Konvensiyanın 2-ci, 8-ci, 13-cü və 14-cü maddələri pozulub. Həmçinin mülkiyyət hüquqlarına müdaxilə baş verib. AİHM bu şikayəti qəbuledilməz hesab edib.

“Manvel Hakobyan Azərbaycana qarşı” – işində ərizəçi 1936-cı il doğumlu Ermənistan vətəndaşıdır. Onun şikayəti də 2016-cı ilin aprel döyüşləri kontekstində verilib. Ərizəçi döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olub. Bu işdə də “Qarik Ohanyan və başqaları Azərbaycana qarşı” işindəki kimi oxşar pozuntu iddiaları qaldırılıb. AİHM bu şikayəti də qəbuledilməz hesab edib.

2016-cı il aprelin 2-də Qarabağda atəşkəsin pozulması bir neçə gün davam edən irimiqyaslı hərbi toqquşmaya səbəb olub.

Rəsmi məlumatlarda 3 gün davam edən döyüşlərdə hər iki tərəfdə onlarla itki olduğu bildirilib.

Azərbaycanın Müdafiə Nazirliyi döyüşlərdə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğaldan azad edildiyini bildirib.

Ana səhifəSiyasətAzərbaycan hökuməti  Karen Qazaryana mənəvi zərərə görə kompensasiya ödəyəcək