Məcburi maliyyə açıqlamalarında sənədlər üzə çıxıb
Ötən ilin payızında evinə federal agentlər tərəfindən basqın edilən Nyu-York merinin keçmiş köməkçisi ilə başqa bir meriya rəsmisinin Azərbaycana səfər etdiyi məlum olub.
Nyu-York meriyası tərəfindən təqdim edilən ictimai sənədlərə və məlumatlara görə, mer Erik Adamsın hər iki köməkçisinin ölkəyə səfərinin xərclərini Azərbaycan hökuməti çəkib.
“Politico” yazır ki, bu həftə açıqlanan məcburi maliyyə açıqlamalarına əsasən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi meriyanın beynəlxalq əlaqələr üzrə komissarı Edvard Mermelşteynin (Edward Mermelstein) ötən il Azərbaycana səfəri üçün 5000 ABŞ dollarına qədər xərcləri qarşılayıb.
Meriyanın sözçüsü təsdiqləyib ki, Mermelşteyn 2023-cü il aprelin 29-dan mayın 2-dək Azərbaycanın paytaxtı Bakıda, o zaman meriyanın beynəlxalq əlaqələr üzrə protokol direktoru vəzifəsində çalışan Rəna Abbasova ilə birgə olub.
Nəşr yazır ki, ötən ilin noyabrında FTB agentləri Abbasovanın evinə basqın edib və Türkiyə hökumətinin Adamsın 2021-ci il bələdiyyə seçkiləri kampaniyası ilə əlaqələri barədə ictimaiyyəti xəbərdar edib. Bundan sonra Rəna Abbasova məzuniyyətə buraxılıb.
“Abbasovanın ailəsi hökuməti Türkiyə ilə sıx əlaqələri olan Azərbaycandandır. Ölkələr eyni zamanda ortaq mədəni əlaqələrə malikdir”, – “Politico” yazır.
“Səfərin əsas məqsədi iqtisadi inkişafı və icmalar arasında qabaqcıl təcrübə mübadiləsini təşviq etmək idi. Komissar bu məqsədlərə nail olmaq üçün bir sıra görüşlər keçirdi”, –meriyanın sözçüsü deyib.
Səyahət xərclərinə Mermelşteyn və Abbasova üçün 1650 dollar aviabilet, yerüstü nəqliyyat üçün isə gündə 40 dollar daxildir. Mermelşteynin oteldə qalması üçün hökumət 540 dollar ödəyib.
Meriyadan bildirilib ki, Abbasova ailəsinin yanında qalıb.
“Politico”-nun məlumatına görə, Adams Azərbaycanla uzun müddətdir əlaqələr qurub və ən azı iki dəfə – 2012 və 2016-cı illərdə bu ölkəyə səfər edib. Azərbaycanlı mədəniyyət qrupu Bruklin-Bakı Dostluq Assosiasiyası 2021-ci il kampaniyası üçün ianə aksiyası təşkil edib.
Məlumata görə, Mermelşteyn və Abbasova keçən il Azərbaycandan qayıtdıqdan bir neçə həftə sonra Azərbaycan hökumətinin rəsmisi ilə görüşüblər. “Daily News” yazıb ki, görüşdə Nyu-York ilə Azərbaycan arasında birbaşa uçuşların bərpasını müzakirə ediblər.
“Politico” və “Daily News” yazır ki, Abbasova, Mermelşteyn və Carone 2022-ci ilin oktyabrında türk daşınmaz əmlak qrupu tərəfindən təşkil olunan konfrans üçün Türkiyəyə səfər ediblər.
Mermelşteynin açıqlamasında Bakı səfəri 2023-cü ildə xarici hökumətin birbaşa əhatə etdiyi yeganə iqtisadi inkişaf səfəri kimi qeyd olunub.
Meriya Mermelşteynin şəhər hökuməti tərəfindən ödənilən və bildirilməli olmayan oxşar səfərlər edib-etməməsi ilə bağlı suala dərhal cavab verməyib.
“Daily News” ötən ay yazıb ki, Abbasova məzuniyyətdə olduğu üçün bu il maliyyə hesabatlarını təqdim etməkdən azad edilib.