close

Həbsdə olan ictimai fəal: “Cibimə narkotiki bu atdı…”

İlhamiz Quliyev. Foto: Meydan TV

Məhkəmə iclasında İlhamiz Quliyevlə şahid polis arasında mübahisə düşüb

Həbsdə olan ictimai fəallardan İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesində şahidlər dindirilir. Şahidlər isə polislərdir.

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında dindirilən Nicat Abdullayev hazırda Nəsimi rayonu, 19-cu polis bölməsində işləyir. Lakin 2023-cü ilin dekabrında İlhamiz Quliyev tutulanda Yasamal rayonu, 28-ci polis bölməsində təhqiqatçı olub.

O, məhkəmədə ifadəsində deyib ki, İlhamiz Quliyevi saxlayıb onun kabinetinə gətiriblər. Orada cibindən narkotik tapılıb. Onun dediyinə görə, İlhamiz Quliyev həmin vaxt da narkotikin ona məxsus olmadığını söyləyib: “Dedi ki, guya onun deyil”.

Məhkəmə iclasında İlhamiz Quliyevlə şahid polis arasında mübahisə yaşanıb. İctimai fəal bildirib ki, cibinə 28-ci polis bölməsində narkotiki məhz Nicat Abdullayev atıb:

“İndi əynimdə olan şalvar həmin gün də əynimdə idi. Cibimə narkotiki bu atdı…”.

İlhamiz Quliyevin sözlərinə görə, öncədən izlənildiyini hiss edib, həbs olunacağından şübhələnərək, vəkil Zibeydə Sadıqova ilə müqavilə bağlayıb ki, onun hüquqlarını müdafiə etsin. Lakin polis bölməsində olarkən ona öz vəkili ilə əlaqə saxlamağa imkan verilməyib, dövlət hesabına vəkil təyin olunub ki, o da polislərlə eyni cür hərəkət edib:

“Cibimə narkotiki atanda “paykovoy” vəkil də orada idi”.

Lakin təhqiqatçı Nicat Abdullayev iddia edir ki, İlhamiz Quliyev ona öz vəkili olduğunu deməyib. Bu səbəbdən ona dövlət hesabına vəkil təyin edilib.

Daha bir ziddiyyətli məsələ isə İlhamiz Quliyevin saxlanması, yeri barədə ailəsinə məlumat verilməsilə bağlı olub. Polis ifadəsində bildirib ki, dərhal onun ailəsinə məlumat verilib. İctimai fəal isə bildirir ki, yalandır, onu döyüb, etiraf ifadəsinə imza atdırandan, təzyiq altında kamera qarşısına çıxarıb, çəkiliş aparandan sonra axşam saatlarında həyat yoldaşı Aygül Cəfərovaya zəng olunub. Bunu telefon zənglərinin tarixçəsi də sübut edə bilər:

“Məni pis döydülər. Dedilər ki, əgər biz deyəni eləməsən, daha da betər döyüləcəksən”.

İlhamiz Quliyev əlavə edib ki, saxlandığı gün – dekabrın 4-də Prezident Administrasiyasına qəbula yazılıb. Yaşadığı binadan çıxıb getmək istəyəndə polislər onu zorakılıqla saxlayıblar, döyə-döyə 28-ci polis bölməsinə gətiriblər.

İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi avqustun 21-də davam edəcək.

İlhamiz Quliyev 2023-cü il dekabrın 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə) maddəsilə ittiham irəli sürülüb.

Təqsirləndirilən fəal ona qarşı irəli sürülmüş narkotik ittihamını rədd edir. O bildirir ki, əksinə, özü ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə müsahibə verdiyinə görə cəzalandırılır. Onun sözlərinə görə, cəzalandırılmasının səbəbi həbsindən təxminən iki ay öncə “AbzasMedia”ya müsahibəsində polisin qanunsuz əməllərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışmasıdır.

İlhamiz Quliyev bildirib ki, əvvəllər polis idarəsində müstəntiq köməkçisi işləyib, bu üzdən o sistemdə nələrin baş verməsindən məlumatlı idi. Sentyabrın sonunda “AbzasMedia”ya müsahibəsində də ictimai-siyasi fəalların narkotiklə həbs olunması barədə danışıb. Həmin video-materialda üzü görünməsə də, keçmiş polis əməkdaşı olduğu bildirilib. Onun sözlərinə görə, bir neçə gün ərzində onun kimliyini müəyyənləşdirib, həbs ediblər.

Ana səhifəSiyasətHəbsdə olan ictimai fəal: “Cibimə narkotiki bu atdı…”