close

Ermənistanlı deputat bayrağın yandırılmasına görə üzr istədi (yenilənir)

Foto: Azərtac

Azərbaycanda hadisə ilə bağlı cinayət işi açılıb

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Azərbaycan idmançılarının yarışda iştiraklarını dayandırılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin qərarı idman etikası baxımından narahatedici hesab edilib:

Ermənistan əvvəldən bütün təhlükəsizlik standartlarını təmin edib və çempionatda iştirak etmək üçün Yerevana gələn ağır atletlərin təhlükəsizliyi ilə bağlı heç bir problem olmayıb. Açılış mərasimində baş verən və çox tez aradan qaldırılan hadisənin idmançıların təhlükəsizliyi və yarışın rahat keçməsi ilə heç bir əlaqəsi yoxdur”.

Azərbaycanın Baş Prokurorluğunun İstintaq idarəsində hadisə ilə bağlı Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq. Foto: Meydan TV

Məlumatda hadisəni törədən Aram Nikolyanın və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndəriləcəyi qeyd edilir.

Ermənistan parlamentinin deputatı, hakim  “Mülki müqavilə” Partiyasının üzvü Hovik Ağazaryan “Facebok” səhifəsində hadisəni pisləyib və üzr istəyib:

“Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun!”.

Hovik Ağazaryan. Foto: sosial şəbəkə


Bakı Avropa Ağır Atletika Federasiyasını Ermənistana sanksiya tətbiq etməyə çağırıb

Azərbaycan idmançılarının Ermənistandan geri qayıtması barədə qərar qəbul edilib.

Bu barədə Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin aprelin 15-də yaydıqları birgə bəyanatında bildirilir.

İdmançıların qaytarılmasının səbəbi kimi aprelin 14-də Ermənistanın paytaxtı Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılması göstərilib.

Belə ki, çempionatın açılış mərasimində erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını bayraqdarın əlindən alaraq yandırıb. “Sputnik”in Ermənistan bürosu yazır ki, Nikolyan polisə aparılsa da, sonra sərbəst buraxılıb. İlkin məlumatlara görə, onun barəsində cinayət işi başlanmayacaq. Ancaq “Telegram” qruplarında hadisə ilə bağlı cinayət işinin başlanacağı da yazılır.

Azərbaycanda bu hadisə siyasi motivli hesab edilib:

“Ermənistanın Baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir”.

Foto: Gənclər və İdman Nazirliyi

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”, -deyə bəyanatda vurğulanır.

Eyni zamanda, hər iki qurum beynəlxalq aləmə çağırış edib:

“Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə, həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq. Hesab edirik ki, baş vermiş hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Azərbaycan Xarici İşlər Nazirliyi də Yerevanda ölkə bayrağının yandırılmasını pisləyib.

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Təşkilatçıların bu cür nifrət xarakterli hərəkətlərə qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir”, – Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün “Twitter” səhifəsində yazıb.

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında 40 ölkədən 389 idmançı iştirak edir.

Çempionat aprelin 15-dən 23-dək keçiriləcək.

Azərbaycan müstəqillik əldə etdikdən sonra üçüncü dəfədir ki, Ermənistanda keçirilən beynəlxalq idman yarışlarında iştirak edir. 2009-cu ildə Azərbaycan cüdoçusu Yerevanda gənclər arasında keçirilən cüdo çempionatının qalibi olub.
2014-cü ildə Azərbaycanın oxatma komandası Ermənistanda keçirilən yarışlarda iştirak edib.

Ermənistan idmançıları da üç dəfə Azərbaycanda keçirilən idman yarışlarında iştirak ediblər.

Ana səhifəSiyasətErmənistanlı deputat bayrağın yandırılmasına görə üzr istədi (yenilənir)