close

Azərbaycanlı əsirlərin Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə təhvil verildiyi bildirilir

Foto: Zef art/Shutterstock

MTX azərbaycanlı hərbçilərlə bağlı heç bir məlumat yaymayıb

Ermənistanda əsir götürülən Azərbaycan hərbçiləri bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) təhvil verilib.

Məlumatı “Azadlıq” radiosunun erməni xidməti yayıb.

Bildirilir ki, aprelin 10-da saxlanılan daha bir azərbaycanlı da MTX-dədir.

“Lakin Milli Təhlükəsizlik Xidməti onun haqqında susur, Ermənistana daxil olan azərbaycanlılarla bağlı heç bir məlumat dərc etmir. Ermənistan sərhədinin qanunsuz keçməsi faktı ilə bağlı cinayət işinin başlanıb-başlanılmaması da aydın deyil”, -deyə “Azatutyun” əlavə edib.

Sayt yazır ki, hüquq-mühafizə orqanları Qafandakı “Zəngəzur” mis-molibden zavodunda 56 yaşlı mühafizəçinin qətlinin azərbaycanlı hərbçilərlə bağlı olub-olmadığı hələ ki rəsmən təsdiqləməyib.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, qətl işi çərçivəsində aprelin 13-də saxlanılan azərbaycanlı onlara təhvil verilməyib:

“Heç bir istintaq hərəkəti yoxdur”.

Aprelin 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Aqşin Bəbirov və Hüseyn Axundov barədə məlumat yayıb.

Bildirilir ki, 2004-cü il təvəllüdlü A.Bəbirovun və 2003-cü il təvəllüdlü H.Axundovun zəruri axtarış və araşdırma davam etdirilir.

Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki hərbi qulluqçusunun yolu itirərək azması haqda məlumat yaymışıdı.

Nazirlik hərbçilərin kimliyinə aydınlıq gətirməsə də, onların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü qeyd etmişdi.

Hərbçilərdən Aqşin Bəbirovun dayısı Yaşar Musayev xəbəri Meydan TV-yə təsdiqləmişdi.

Sonradan Ermənistan sosial şəbəkəsində A.Bəbirovun saxlanılması barədə video yayılsa da, Hüseyn Axundovun taleyi naməlum qalmışdı.

Hüseyn Axundovun Lənkəran rayonundan hərbi xidmətə çağırıldığı qeyd olunur.

Onlar 1 ilə yaxındır ki, hərbi xidmətdədirlər.

ABŞ-nin Azərbaycandakı səfriliyi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu gün hərbçilərə qarşı rəftarla bağlı açıqlama yayıblar.

Bildirilir ki, Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qeyd edib ki, hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərdən məlumatlıdır.

Qurum müvafiq mandatla onlarla görüşmək üçün hakimiyyət nümayəndələri və saxlanılan şəxslərin ailələri ilə təmasda olduğunu bildirib.

Ana səhifəSiyasətAzərbaycanlı əsirlərin Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə təhvil verildiyi bildirilir