close

Azərbaycan Laçın dəhlizi ətrafındakı yolları bağladığını deyir

Foto: Müdafiə Nazirliyi

Yerevan hadisəni nə təsdiq, nə də təkzib edir

Füzulinin Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində qeyri-qanuni erməni silahlılarının kənd təsərrüfatı işləri adı altında səngər qazıntıları apardığı bildirilir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Azərbaycan ordusu səngər qazıntısı cəhdinin qarşısını alıb.

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – deyə Müdafiə Nazirliyi qeyd edib.

Nazirlik təxirəsalınmaz tədbirlərin detallarını açıqlamayıb.

Nazirlik digər açıqlamasında bildirib ki, Azərbaycan ordusu Laçın dəhlizinin şimalındakı qanunsuz silah-sursat daşınan yolları nəzarətə götürüb.

“Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”.

Rəsmi Yerevan hadisə ilə bağlı hər hansı bir açıqlama yaymayıb.

Martın 24-də Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkətinin texniki müşahidə vasitələri tərəfindən qeydə alındığı barədə məlumat yaymışdı.

Bildirilirdi ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Martın 21-də isə ABŞ Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırmışdı.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bütün tərəfləri gərginliyi azaltmağa çağırmışdı.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətAzərbaycan Laçın dəhlizi ətrafındakı yolları bağladığını deyir