close

Azərbaycan təhsili PISA qiymətləndirilməsində geriləyib: 56-cı yer

Məktəb. Foto: “bakimektebleri.edu.az”

Ekspert: “Azərbaycanın təhsil sistemi PISA standartlarına uyğun deyil” 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development, OECD) 2022-ci ildə keçirdiyi Beynəlxalq Tələbə Dəyərləndirməsi Proqramının (Programme for International Student Assessment, PISA) nəticələri açıqlanıb.

PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.

Monitorinq qiymətləndirmə ölkələrin təhsil sistemini müqayisə etmək üçün istifadə edilən mexanizmlərdən biridir və üç ildən bir keçirilir.

Pandemiya səbəbindən 2020-ci ildə deyil, 2022-ci ildə keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub.

Qiymətləndirmədə 81 ölkədən ümumilikdə 700 minə yaxın şagird iştirak edib.

Riyaziyyat üzrə nəticələrə görə, ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında bildirilir ki, PISA-2022 tədqiqatı üzrə iştirakçı ölkələrin orta göstəricilərində əvvəlki dövrlə müqayisədə önəmli azalmalar gözə çarpıb.

Əsas da riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son 10 ilin ən böyük geriləməsi qeydə alınıb.

Məktəb. Foto: “bakimektebleri.edu.az”

Riyaziyyat üzrə toplam 57, oxu üzrə isə 54 ölkədə geriləmə qeydə alınıb.

Hesabata əsasən, geriləmənin əsas səbəbi koronavirus (COVID-19) pandemiyasıdır.

Pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.

PISA qiymətləndirməsində Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan 56-cı yerdədir.

Qiymətləndirmədə Bakının 178 məktəbində təhsil alan ümumilikdə 7 min 912 şagird iştirak edib.

Həm Azərbaycan, həm də rus bölməsindən olan iştirakçıların 47 faizi qız, 53 faizi oğlan olub.

İmtahana qatılanların 95 faizi 9-cu və 10-cu sinif şagirdləri olub.

Əvvəlki illərlə müqayisədə hər üç istiqamətdə orta ballarda azalma var.

2022-ci ildəki qiymətləndirmədə azərbaycanlı şagirdlərin riyaziyyat üzrə topladığı bal 2018-ci ildəki nəticə ilə müqayisədə daha aşağı olub.

4 il öncə ilə müqayisədə azərbaycanlı şagirdlərin riyaziyyat üzrə orta balı 420-dən 397-yə enib.

Oxu bacarıqları üzrə də Azərbaycanın nəticəsi 2018-ci illə müqayisədə aşağı düşüb.

Azərbaycanlı məktəblilər 2018-ci ildə 389 bal topladıqları halda, 2022-ci ildə eyni göstərici 365 bal olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

Qiymətləndirməyə qatılan azərbaycanlı şagirdlərin 69%-nin ana dilində oxuduğunu tam anlamadığı da ötənilki göstəricilərlə müqayisə zamanı ortaya çıxıb.

Riyaziyyat və oxu bacarıqları ilə yanaşı, təbiət elmləri istiqaməti üzrə də, azərbaycanlı şagirdlərin orta balı 2018-ci illə müqayisədə aşağı düşüb.

Əgər 2018-ci ildə azərbaycanlı şagirdlər təbiət elmləri üzrə 398 ballıq nəticə göstərmişdisə, 2022-ci ildə bu nəticə 380 bala bərabər olub.

Azərbaycan dörd dəfə (2006, 2009, 2018 və 2022) bu qiymətləndirmədə iştirak edib.

2006-cı ildəki qiymətləndirmədə Azərbaycan 57 ölkə arasında 33-cü, 2009-cu ildə 65 ölkə arasında 45-ci olmuşdu.

Təbiət elmləri üzrə qiymətləndirmədə Azərbaycan məktəbliləri 2006-cı ildə 57 ölkə arasında 55-ci, 2009-cu ildə isə 65 ölkə arasında 63-cü olmuşdular.

Göstərilən aşağı nəticələrdən sonra Azərbaycan 2012 və 2015-ci illərdə keçirilən PISA qiymətləndirməsinə qatılmamışdı.

Doqquz illik fasilədən sonra Azərbaycan 2018-ci ildə yenidən PISA qiymətləndirməsində iştirak etmişdi.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyir ki, nəticələrin aşağı düşməsinin başlıca səbəbi Azərbaycan təhsilinin PİSA standartların uyğun olmaması ilə əlaqədardır:

“Əvvəl onlara standartlarımızı uyğunlaşdırmalıyıq. Daha sonra da qiymətləndirmədə iştirak etməliyik. Həmçinin regionlarda təhsilin səviyyəsi artırılmalıdır. Bu hakimiyyət regionlara, rayon və kəndlərə həmişə kor gözü ilə baxıb. Nəticəsi də belədir. Dövlət camaatın pulundan, büdcədən camaatın uşağı üçün istifadə etmir. Yüzlərlə “yedi-çapdı” təşkilatı düzəldiblər. Halbuki həmin pullarla rayonlarda repetitor mərkəzləri yaratmaq olar”.

Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə

“Rayonda yaşayan uşaqlar həm havasına, həm içdiyi suyuna görə daha zəkalıdırlar. Regionlarda təhsil bərpa olunsa, qiymətləndirmə bütün ölkəni əhatə edər”, – deyə ekspert əlavə edib.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, təhsildə geriləməni pandemiyanın, distant təhsilin üzərinə atmaq doğru deyil:

Müəyyən istiqamət üzrə daha ciddi addımlar atılmalıdır ki, bu problemlər də aradan qalxsın. Qiymətləndirmənin yalnız Bakı məktəblərini əhatə etməsinə gəlincə, Azərbaycanda elə regionlar var ki, orada təhsilin əlçatanlığı hələ də təmin olunmayıb. Hələ də bəzi yerlərdə kompüterləşmə mövcud deyil. Düşünürəm ki, qiymətləndirmə tək Bakı deyil, bütün respublika üzrə aparılsaydı, biz 56-cı yer yox, daha da aşağı yuvarlana bilərdik. Bəlkə də, 75-ci yerlərə gedib, çıxardıq”.

Təhsil ekspert Elçin Əfəndi

PİSA qiymətləndirməsi Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Təhsil İnstitutu tərəfindən reallaşdırılır.

Elm və Təhsil Nazirliyindən PİSA nəticələri ilə bağlı sorğumuz cavablandırlmayıb.

Təhsil İnstitutunun yaydığı məlumatda bildirilir ki, son qiymətləndirmə ilə əlaqədar dəyirmi masa keçirilib.

Məlumatda ümumi olaraq bildirilib ki, PISA tədqiqatlarının nəticələrinin yaxşılaşdırılması istiqamətində addımlar atılacaq.

Ana səhifəSosialAzərbaycan təhsili PISA qiymətləndirilməsində geriləyib: 56-cı yer