close

Azərbaycan təhsili: üzü Avropaya, yoxsa Ərəb Əmirliklərinə?..

Təhsil krediti. Foto: “azedu.az”

Avropada oxuyan tələbələr: “Ərəb ölkələrinə 100 milyon ayıran hökumət bizə beşcə milyon ayırmadı”

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım etdiyi məlum olub.

Mətbuatda dərc olunan məlumatda deyilir ki, ARDNF “GEMS Education” beynəlxalq təhsil şirkətinə yatırımı investorlar konsorsiumunun üzvü olaraq edib.

Qeyd edilib ki, Fondun yatırım etdiyi “GEMS Education” 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir.

Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb.

Hazırda Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada məktəbə malik olan bu özəl təhsil şəbəkəsində dünyanın 176 ölkəsindən 170 min şagird təhsil alır.

Şirkətin əhəmiyyətli dərəcədə böyük bazar payına malik olduğu BƏƏ-də yerləşən 40-dan çox məktəbində 135 mindən çox şagird təhsil alır.

Sözügedən investisiya ARDNF-nin Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırımdır.

ARDNF təhsil mərkəzinə yatırımını belə izah edib: “Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksək keyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir”.

Bəs təhsil ekspertləri nə deyir?

Təhsil eksperti Elçin Əfəndi bu yatırımın əhəmiyyətli olduğunu deyir.

O, Meydan TV-yə bildirib ki, bu, Azərbaycan üçün yeni perspektivlər yarada bilər:

Təhsil ekspert Elçin Əfəndi

“Bu yatırım itən pul deyil. Bu kimi layihələri təkcə ARDNF deyil, dünyanın neft hasilatı ilə məşğul olan bir çox ölkələri də edir. Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada bu kimi yatırımları görürük. Burada dünya şəbəkəsinə daxil olan təxminən 175 ölkədən 170 minə yaxın şagirdin təhsilinə yatırım olunur. Həmin şagirdlər də gələcəkdə yenə də bu istiqamətdə fəaliyyət göstərən ölkələrin ümumi istehsalatına xidmət edirlər”.

“Pullar yeyilmək üçün ayrılıb, təhsil almaq üçün deyil”

Təhsil eksperti Nabatəli Qulamoğlu isə Meydan TV-yə deyir ki, öncə ölkədə daxilində təhsilə təkan verilməli, yatırım edilməlidir:

Nabatəli Qulamov
Mənbə: Azadlıq Radiosu

“Aydın məsələdir ki, təhsil bu dövlət üçün əhəmiyyətsizdir. Sizi inandırım, 100 milyon dolların 80 faizi “yeyilib”. Pullar yeyilmək üçün ayrılıb, təhsil almaq üçün deyil. Bu rejimə təhsilli adam lazım deyil. Çünki təhsilli adam hüququnu, mübarizə aparmağın yollarını bilir. Lev Tolstoyun çox sevdiyim bir ifadəsi var. O, maarif nazirinə məktubunda yazır: “Hər bir avtoritar hökumət yaxşı başa düşür ki, kreslosunda nadanlığın hesabına oturur. Ona görə də təhsilə həmişə əyri baxır. Bəzən el gözünə guya təhsili düzəldir deyə onu əlinə alır, amma hirsindən elə sıxır ki, təhsilin suyu çıxır”. Bu hökumət də təhsillə düşməndir. Təhsilə ayırdığı 4 milyard 600 milyon manatı da vermir”.

Xaricdə oxuyan azərbaycanlı tələbələr narazılıq edirlər…

Xaricdə oxuyan bir neçə azərbaycanlı tələbə isə bu yatırımı kəskin reaksiya ilə qarşılayıb.

Azərbaycan Tibb Universitetinin əczaçılıq ixtisası üzrə bakalavr olan Vasif Məhərrəmli hazırda təhsilini Almaniyanın Yena Fridrix Şiller Universitetində kimya və biologiya ixtisası üzrə davam etdirir.

Onun sözlərinə görə, Azərbaycanda aldığı təhsil Almaniya təhsilindən çox geridədir:

“Hansısa özəl universitetə 100 milyon dolların ayrılması və cəmiyyətimizdə buna reaksiya verilməməsi məni çox məyus etdi. Azərbaycanda təhsilin ciddi problemlərinin olduğunu düşünürəm. Təbii ki, problemlər başqa sahələrdə də var. Amma hər şey təhsildən başlayır. Təhsil bu millətin gələcəyidir. Hələ Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində oxuyanda məndə belə bir təəssürat vardı ki, təhsildə natamamlıq var, düzgün təhsil verilmir. Səbəb isə bu idi ki, bizə – bütün fakültələrə 70-80-ci ildən, sovetdənqalma kitablardan dərslər keçirilirdi. Son otuz ildə elm sürətlə inkişaf edir, hətta iki və daha çox sahənin sintezindən yeni elmlər yaranır, Azərbaycanda isə bunlar yoxdur. BƏƏ-də özəl bir universitetə 100 milyon dollar vəsait ayıran hökumət, bizə təhsil aldığımız dövrdə niyə beşcə milyon manat ayırmadı? Niyə universitetlərində laboratoriyalar qurmadı?”

Xaricdə təhsil. Foto: Kavun Halyna/shutterstock

“Burada Azərbaycandan gətirdiyimiz biliklər yetərsizdir”

Vasif Məhərrəmli deyir ki, Azərbaycanda aldığı bakalavr təhsili Almaniyada yetərli hesab edilmir:

“Burada Azərbaycandan gətirdiyimiz biliklər yetərsizdir. Almanlar və digər Avropa ölkələrindən gələn tələbələrdən çox geridəyik. Problemlərdən biri də odur ki, bioloji sahələr üzrə nəzəri və praktiki biliklərdə çox geridəyik. Azərbaycan Tibb Universitetində laboratoriya cihazları yox idi. Burada isə hər korpusda laboratoriya var və lazımi cihazlarla təchiz olunub. Bir ay əvvəl universitetimizdə 55 milyon avroya ən son avadanlıqlarla tam təchiz olunmuş yeni tədqiqat korpusu açıldı. Məqsəd batareya tədqiqatlarında dünyadan dala qalmamaq və araşdırmalara tez bir zamanda qoşulmaqdır”.

“Azərbaycan isə təhsildən başqa hər şeyə pul ayırır, hətta dünyanın ən zəngin ölkələrindən birində özəl universitetə “yardım” edir. Azərbaycanda professorlar tanıyıram ki, kimya laboratoriyalarında sintez etdiyi maddələri analiz etmək üçün nümunələri cibindən pul verib Pakistana, Fransaya, ora-bura göndərirlər. Sonra da aylarla cavab gözləyirlər”, – deyə o qeyd edib.

2018-ci ildə təhsillə əlaqədar Almaniyaya gedən daha bir tələbə isə üzləşdiyi çətinliklərdən danışır.

“Əvvəllər ofisiant işləyirdim”

Lalə Əsədova deyir ki, maddi imkanı olmadığı üçün təhsillə paralel işləmək məcburiyyətində qalıb. Məhz buna görə də ikiillik magistr təshilini dörd ilə tamamlaya bilib:

“Universitetə daxil olandan sonra həm oxuyub, həm də işləmək məcburiyyətində qaldım. Bəzən ay ərzində 80-90 saat işləyirdim. Belə olan halda da təhsilin keyfiyyəti xeyli aşağı düşürdü. Bəzən elə yorulurdum ki, düşünürdüm, eybi yox, təhsilim uzansa da, olar, amma dincəlməyə ehtiyacım var. Əvvəllər ofisiant işləyirdim. Pandemiya başlayandan sonra daha çətin dönəm başladı. İş tapa bilmirdim. Bir müddət mağazada kassir işlədim. Beləliklə, iki ilə bitirməli olduğum magistratura təhsilimi dörd ilə başa vura bildim”.

“Yaxşı olardı ki, Azərbaycan hökuməti xaricdə oxuyan bütün tələbələr üçün daha uyğun proqram hazırlayardı. Hətta ixtisas və universitetindən asılı olmayaraq, hər bir tələbəyə 200-300 avro versəydilər, yaxşı olardı. Çünki imkansız ailələrdən gələn tələbələrin sayı onlarladır”, – deyə azərbaycanlı gənc vurğulayıb. 

Ana səhifəSosialAzərbaycan təhsili: üzü Avropaya, yoxsa Ərəb Əmirliklərinə?..