close

Azərbaycan və talış dillərində çəkilmiş film beynəlxalq mükafat alıb

Foto: “kinoinfo.az”

Sənədli film “Documentary Goyang Award” mükafatına layiq görülüb

Azərbaycanlı rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi Cənubi Koreyada keçirilən EIDF EBS Beynəlxalq Kino Festivalının Qran-Prisinə – “Documentary Goyang Award” mükafatına layiq görülüb.

2024-cü ilin istehsalı olan film azərbaycan və talış dillərində çəkilib.

Filmin xronometrajı 87 dəqiqədir.

Filmin qəhrəmanı Samid oğlunu iş qəzasında itirəndən bəri tənhalıqla və melanxolik hissləri ilə mübarizə aparır.

O, kənddə kino nümayişlərini canlandırmaq üçün işə başlayır.

Samid gənc Ayazı da özünə qoşulmağa təşviq etməkdə çətinlik çəkmir.

Aralarında 50 yaş fərqi olan Samidlə Ayaz ucqar kənddə kinonu canlandırmaq ideyası ilə yaşayırlar.

Foto: “kinoinfo.az”

Onlar birlikdə kənd əhalisini kino ekranı üçün yer tikməyə inandırmalı, köhnə proyektorları təmir etməli, rəhbərlikdən icazə almalı və layihə ilə bağlı şayiələrə məhəl qoymamalıdırlar.

Samid kinomexanik kimi sənətini, səbrini və biliyini aşılayır, yeni başlayan kinorejissor Ayaz isə müasir dünya ilə inteqrasiya yaradır.

Onlardan biri həyatı, digəri isə kədəri ilə irəliləyir.

Filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, rejissor assistenti Leylaxanım Qənbərli, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

Film Almanya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalıdır.

Ana səhifəMədəniyyətAzərbaycan və talış dillərində çəkilmiş film beynəlxalq mükafat alıb