close

Paşinyana alma atan şəxs xuliqanlıqda ittiham edilir

Nikol Paşinyan. Foto: Meydan TV

Qarabağlı Albert Arustamyanın təqsiri sübuta yetirilsə, cəza alacaq

Yerevanın Zeytun rayonunun 71 yaşlı sakini Albert Arustamyan Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz əlaməti olaraq alma atdığına görə xuliqanlıqda ittiham olunub.

“OC Media” yazır ki, hadisə avqustun 23-də Paşinyanın həmin binada yaşayan qohumlarından birinə səfəri zamanı baş verib. Şahidlər Azadlıq Radiosunun erməni bürosuna deyiblər ki, alma Paşinyana dəyməyib, lakin hadisə yerinə təcili yardım çağırılıb.

“Qonşunun uşaqları deyir ki, Nikol Paşinyan və onun mühafizəsi onlara tərəf qumbara atıldığını və dərhal yerə yıxıldığını zənn ediblər”, – Arustamyanın vəkili Roman Yeritsyan “Facebook” hesabında yazıb.

Yeritsyanın sözlərinə görə, Arustamyan keçmiş Dağlıq Qarabağ sakini və ikinci qrup əlildir.
İnsidentdən sonra ailənin mənzilində Paşinyana atılan alma ilə eyni növdən alma tapmaq üçün kiçik uşaqların iştirakı ilə axtarış aparılıb.

Yeritsyanın sözlərinə görə, Arustamyan, onun iki qızı və nəvəsi “onların iradəsi olmadan” polis bölməsinə aparılıb və saat 07:00-a qədər orada saxlanılıb.

Arustamyan elə həmin gün həbs edilib və polis bölməsində ona qarşı “kobud və hörmətsiz” rəftar edildiyi bildirilir.

Hadisə barədə ilk olaraq yerli media orqanı “ArmLur” məlumat verib və o, həmçinin hüquq-mühafizə orqanlarının binada axtarış apardığını əks etdirən görüntüləri də internetdə yayıb.

Avqustun 25-də Arustamyan xuliqanlıqda ittiham olunsa da, ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. Günahı sübuta yetirilərsə, onu iki ilə qədər həbs gözləyir.

Arustamyanın vəkili Azadlıq Radiosuna bildirib ki, cinayət işi “alma hədəfinə” görə başlanıb və bu, Paşinyanın yox, adi vətəndaşın başına gəlsəydi, hüquq-mühafizə orqanlarının başqa cür davranacağını ehtimal edir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərPaşinyana alma atan şəxs xuliqanlıqda ittiham edilir