close

Azərbaycanda avtomobil parkı qocalıb

Foto: arxiv

İqtisadçı: “Maşın parkının yaşı ölkədə yoxsulluqla bağlı müəyyən təsəvvür yaradır”

Azərbaycanda olan 1.4 milyon ədəd minik avtomobilinin 45 faizinin yaşı 20 və ya daha çoxdur.

Bu, təxminən hər iki avtomobildən birinin 20 ildən artıq istismar edildiyi deməkdir.

Dövlət Statistika Komitəsinin (DSK) ölkənin avtomobil parkının vəziyyəti ilə bağlı açıqladığı ən son məlumatlarda belə bildirilir.

Statistikadan görünən odur ki, Azərbaycanın avtobus parkının vəziyyəti daha pisdir. 63 faiz avtobusun yaşı 20 və ya üzərindədir.

Hesabatla tanış olan iqtisadçı Rövşən Ağayev “Facebook” səhifəsində yazır ki, ilk dəfə rəsmi statistikada ölkədəki bahalı maşın markaları ilə də bağlı detallı məlumat verilib:

Ölkədə 63 ədəd “Rolls Roys” var. Avtomobil satışı saytlarına baxdım, hətta istismar müddəti 10 ildən çox olanların qiyməti 250 min manatdan başlayır. Yenilərinin qiymətinin 500 min – 1 milyon manat aralığında dəyişdiyi deyilir. Bundan əlavə, ölkədə 327 ədəd “Bentley” markalı avtomobil var. Son 10 və daha az yaşı olanların qiyməti 170 – 500 min manat intervalında dəyişir”.

İqtisadçı deyir ki, bu markalardan bir pillə aşağı sinfə aid olan “Lincoln” və “Alfa Romeo” kimi markalardan olan avtomobillərin sayı isə 424 ədəddir.

Onun sözlərinə görə, ilindən asılı olaraq bu markadan olan maşınların qiyməti 50 – 200 min intervalında dəyişir:

“Bahalı markalar içərisində ən geniş yayılanı “Land Rover”-dir. Azərbaycanın avtomobil parkında bu maşınlardan 8661 ədəd var”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

İqtisadçının satış saytlarında araşdırmalarına görə, istismar müddəti 10 il və daha az olan  “Land Rover”lərin qiyməti 100 – 450 min manat arasında dəyişir:

Bahalı avtomobil markaları ölkədə varlı və ultra zəngin ailələrin sayı ilə bağlı ən azı 90 faiz riyazi dəqiqliklə informasiya verir. Maşın parkının yaşı isə ölkədə yoxsulluqla bağlı müəyyən təsəvvür yaradır. Əgər bir ölkədə hər iki avtomobildən birinin yaşı 20 ildən çoxdursa, yoxsulların mütləq üstünlüyü barədə fikir söyləməyə imkan verir. Zatən, ölkədə az qala hər üç ailədən birinin minik maşını var, onların da yarısı artıq metalloma gedəcək durumdadır”.

Bu il Azərbaycanda avtomobil bazarına təsir göstərən bir neçə qərar verilib.

Nazirlər Kabinetinin bu ilin martında qəbul etdiyi qərar da onlardan biridir.

Həmin qərara əsasən, istismar müddəti 10 ili aşan avtomobillərin ölkəyə idxalı yasaqlanıb.

Bundan sonra daxili bazarda istifadə edilən və istismar müddəti 10 ili aşan avtomobillərin qiymətində bahalaşma olmuşdu.

DSK-nın ən son açıqladığı rəqəmlərdən o da aydın olur ki, ölkədə bir milyon 300 min şəxsi minik avtomobili var.

Həmin avtomobillərin cəmi iki faizinin yaşı iki ildən azdır.

Avtomobillərin daha üç faizinin istismar müddəti iki-beş il aralığındadır.

İstismar müddəti beş ildən 10 ilədək olan avtomobillərin toplam saydakı payı 11.9 faizdir. 

Ana səhifəİqtisadiyyatAzərbaycanda avtomobil parkı qocalıb