close

“Azərenerji” mənfəətini açıqladı

“Azərenerji” ASC

İqtisadçı: “Biz hamımız bu işdə pay sahibiyik, qurum vətəndaşlarla bu mənfəəti bölüşməlidir”

“Azərenerji” ASC 2022-ci ili 436,506 milyon manat xalis mənfəətlə başa vurub.

Bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Qeyd olunur ki, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur. Beləliklə, qurum yığılmış zərəri 16,8 faiz azaldıb – 2 164,739 milyon manata salıb.

İqtisadçı Natiq Cəfərlinin dediyinə görə, şirkətin hesabatından belə aydın olur ki, xalis mənfəət 3 dəfə və ya 289 milyon 279 min manat artıb.

Maliyyə hesabatından görünür ki, “Azərenerji”nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb):

“Belə baxanda yaxşı göstəricidir. Lakin indi deyəcəksiniz ki, illərdir dövlət şirkətləri ziyanla işləyirdi – tənqid edirdin, indi onlardan biri xalis mənfəətə çıxıb, yenə amma deyirsən. Məsələ budur – dövlət şirkətlərinin yüksək mənfəətlə işləməsi doğru deyil, bəli, öz xərclərini ödəməli, ziyanla işləməməlidirlər, bu heç. Biz hamımız, faktiki olaraq o şirkətin “səhmdarıyıq”, vətəndaşlardan yığılan vergi hesabına büdcədən illərdir ki, “Azərenerji”yə yüzmilyonlarla vəsait ayrılıb, alt yapısı qurulub, avadanlıqlar alınıb, xətlər çəkilib, təmir işləri görülüb, deməli, biz hamımız bu işdə pay sahibiyik. İndi şirkət mənfəətə çıxıbsa, lap yaxşı, əla, deməli, öz “səhmdarları” – vətəndaşlarla bu mənfəəti bölüşməlidir”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

İqtisadçı bildirir ki, belə olan halda şirkət əhali üçün topdan satdığı enerji qiymətlərini azı 15-20 faiz aşağı sala bilər.

Bu zaman dövlətin əlində olan digər pərakəndə paylayıcı şirkətlər də qiyməti ucuzlaşdırmalıdır:

“Bu işin iqtisadi fəlsəfəsi budur ki, ziyan edəndə hamımız ziyanı vergilərlə ödəyiriksə, xalis mənfəətdə də əhalinin qiymət endirimi ilə payı olmalıdır…”.

2023-cü il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 4 522,509 milyon manat olub.

Bu da illik müqayisədə 9 faiz çoxdur.

Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 11,6  faiz azalaraq 2 212,996 milyon manata düşüb, balans kapitalı isə 40,4 faiz artaraq 2 309,513 milyon manata çatıb.

Qarabağın bərpası üçün ayrılan vəsaitdən də “Azərenerji” ASC-yə pay düşüb.

İşğaldan azad olunan ərazilərin bərpasına dövlət büdcəsinin bölüşdürülməmiş (bloklanmış) xərclərindən də vəsait ayrılıb.

Sözügedən vəsait hesabına “Azərenerji” ASC-nin nizamnamə kapitalı 98,8 milyon manat artırılıb.

Qurum həmin vəsaitlə Qarabağda kiçik su elektrik stansiyaları (KSES) inşa etməyi planlayır.

Ana səhifəİqtisadiyyat“Azərenerji” mənfəətini açıqladı