close

Azərbaycanda milyardlıq layihələr icra etmiş türk biznesmenlə Paşa Holdinqin Türkiyəyə gəlişinin nə əlaqəsi var?

İllustrasiya: Mikroskop Media

Müəlliflər: Kelly Bloss (OCCRP), Fatimə Kərimova (Mikroskop Media)

Xəzərin sahilində, Bakı bulvarında 80 yaşlı türkiyəli biznesmen səliqəli kostyum və qalstukda gəzir. Arxasında Hökumət Evi görünən skamyada oturub “Azərbaycanın dünyaya çıxışına” necə kömək etdiyi barədə danışır. 

“Nə vaxt Azərbaycanda problemli situasiya yaransa, insanlar deyərdi ki, gəl, bunu Ərdal bəylə məsləhətləşək, o həll edə bilər” – biznesmen deyir. 

Həmin “Ərdal bəy” Türkiyənin tanınmış biznesmeni və “Aksoy Holdinq”in təsisçisi Ərdal Aksoydur. Onun həyatı və karyerası barədə çəkilən və 2022-ci ildə yayımlanan “Həyat problem həll etmək imiş” adlı bioqrafik filmdə biznesmen özünü Azərbaycan və Türkiyə arasındakı sövdələşmələrin mühüm vasitəçisi kimi təqdim edir. 

Ərdal Aksoy Hökumət Evinin qarşısında. Mənbə: Barəsində çəkilən filmdən screenshot

Bu araşdırma həm də bir neçə il əvvəl, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Londonda yaşadığı lüks mənzili ortaya çıxaran materialın davamıdır. Ərdal Aksoyun adının çəkilməsi isə təsadüfi deyil. 

Əvvəlki araşdırma nə deyirdi?

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin hazırda Londonda yaşadığı evini satın alan və ona orada yaşamağa icazə verən şirkət barədə 4 il əvvəl OCCRP araşdırma dərc etmişdi. O vaxt məlum olan bu idi ki, Britaniyanın Vircin adalarında qeydiyyatdan keçən “Vremax Properties Limited” adlı şirkət 2008 və 2011-ci illərdə Londonda 3 lüks mənzil alıb və Cümə Əhmədzadəyə dərhal icazə verib ki, orada yaşamağa davam etsin. Hətta ona həmin evləri əsaslı təmir edib birləşdirmək və bir böyük evə çevirmək razılığı da verilmişdi. 

2020-ci ildə dərc olunan bu araşdırma zamanı jurnalistlər “Vremax”ın kimə məxsus olduğunu aşkarlaya bilməmişdilər. Məlum olan o idi ki, “Vremax” bu satınalmanı “Cengiz İnşaat” şirkətindən konsultasiya haqqı üçün aldığı 3 milyon dollarlıq ödənişdən bir neçə ay sonra edib. 

Amma indi “Vremax Properties Limited” şirkətinin kimə məxsus olduğu və onun sahibinin Azərbaycan hakimiyyəti ilə hansı əlaqələrinin olduğu məlumdur. Bu həm də Azərbaycan dövlətinin və birinci ailənin Türkiyədəki biznes və investisiyaları ilə bağlı yeni detalları da ortaya çıxarıb. 

Şirkətin sahibinin adının açıqlanması 2023-cü il yanvarında baş tutub və Birləşmiş Krallığın İqtisadi Cinayət (Şəffaflıq və İcra) Aktına əsasən tələb olunub. Həmin sənədə görə, Birləşmiş Krallıqda mülkü olan ofşor şirkətlər öz sahibi barədə məlumatları açıqlamalıdırlar. Bu açıqlama da ortaya çıxarıb ki, Cümə Əhmədzadənin lüks malikanəsinin yiyəsi olan “Vremax Properties Limited” şirkətinin sahibi Ərdal Aksoyun oğlu Saffet Batu Aksoydur.  

Yeri gəlmişkən, OCCRP data komandasının Birləşmiş Krallıqdakı mülklərlə bağlı məlumatların axtarışını jurnalistlər üçün necə asanlaşdırdığı barədə ətraflı buradan oxuya bilərsiz

Mənzilin məhz 2008-ci ildə satın alınmağı niyə maraqlıdır? 

Konsultasiya haqqı üçün ödəniş ilə Londonda mənzil satın alınması tarixləri arasında daha bir şey baş vermişdi. “Cengiz İnşaat” şirkəti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycanın ən böyük su anbarı layihələrindən birinin tikintisi üçün müqavilə bağlamışdı. Hələ o vaxt su anbarı proyekti ilə “Cengiz Holdinq” və Əhmədzadə arasındakı əlaqələr suallar doğursa da “Vremax”ın sahibinin naməlum olması bu sualları cavabsız qoydu. 

“Vremax” Londonda satın aldığı həmin 3 mənzilə ümumilikdə 5 milyon dollar pul xərcləyib. 

“OCCRP” və “Mikroskop Media”nın suallarına email vasitəsilə cavab verən “Cengiz Holdinq” də təsdiqləyib ki, “Vremax”ın sahibi Aksoylardır və konsultasiya ödənişi bu şirkətə bazar araşdırması və Azərbaycan da daxil olmaqla başqa ölkələrdə yeni biznes imkanları ilə əlaqədar olaraq ödənib. 

“Aksoy Holdinq”ə daxil olan “Turcas Petrol” suallara cavabında Londondakı mənzillərin Birləşmiş Krallığa investisiya yatırılması barədə qərardan sonra alındığını deyib. Cümə Əhmədzadənin orada yaşamasına gəldikdə isə, şirkət bildirib ki, o və Batu Aksoy on illərdir ki, tanışdır:

“Cümə evə aid xərcləri ödəmək qarşılığında orada müvəqqəti yaşayır və mənzilin sahibi deyil” – cavabda deyilir.  

Yuxarıdakı dostlar Aksoyu Azərbaycana, nəhəng layihələrə gətirir 

2000-ci illərdə Azərbaycanda iki nəhəng su anbarı və su elektrik stansiyası – Vayxır və Şəmkirçay layihələri icra olunub ki, bu layihələrin dəyəri milyonlarla dollar olub.

Şəmkirçay Su Anbarı və Su Elektrik Stansiyası

Birləşmiş Krallıqda açıqlanan yeni sənədlərdən sonra jurnalistlər Aksoy ailəsi, Şəmkirçay proyekti, Mehmet Cengiz və Əhmədzadələr arasındakı əlaqəni araşdırıb. Şəmkirçay Su Anbarı və Su elektrik Stansiyası layihəsi ilə bağlı rəsmi mənbələr tender məlumatları, tikintinin hansı şirkətlər tərəfindən həyata keçirildiyi barədə detalları açıqlamır. Layihənin açılış mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Şəmkirçay su anbarı və su elektrik stansiyasının tikintisinə 700 milyon manatdan çox dövlət vəsaiti qoyulub. 

Rəsmi mənbələrdə Aksoyun adı çəkilməsə də layihə ilə bağlı rəsmi tədbirlərdə çəkilən fotoşəkillərin dərc olunduğu bəzi açıq mənbələrdə Ərdal Aksoya rast gəlmək olur. 

Belə mənbələrdən biri 2014-cü ildə Azərbaycanda nəşr olunmuş “Ulu Öndər Heydər Əliyevin Şəmkirçay Su Anbarının tikintisi ilə bağlı ideyaları uğurla həyata keçirilir” adlı kitabdır. Bu kitab əsasən “Cengiz İnşaat”ın layihədəki fəaliyyətinə fokuslansa da, orada Şəmkirçay Su Anbarına dair rəsmi tədbirlərin fotoları da dərc olunub. 

Bu fotolardan biri 2008-ci ildə layihə ilə bağlı müqavilənin imzalanması mərasimində çəkilib ki, orada Ərdal Aksoyun Əhməd Əhmədzadə ilə üzbəüz oturduğu görünür. Eləcə də Şəmkirçayın rəsmi açılış mərasimində çəkilən və Prezidentin rəsmi saytında dərc olunan fotolarda da Ərdal Aksoy gözə dəyir. 

Yenə də bütün bunlar Aksoyun Şəmkiçay proyektində iştirakını təsdiqləyən ipucularının hamısı deyil. Digərləri də “Aksoy Holdinq”in rəsmi saytındadır. Şirkətin saytında Azərbaycanda icra edilən su anbarı layihələri ilə bağlı məlumatın yer aldığı səhifədə Şəmkirçay Su Anbarının şəkli yerləşdirilib. 

Ərdal Aksoyun həyatı və karyerasını əks etdirən “Həyat problem həll etmək imiş” bioqrafiyası təkcə film kimi yayımlanmayıb, həm də daha detallı və geniş formada kitab halında nəşr olunub. 2022-ci ildə işıq üzü görən bu kitabda deyilir ki, Şəmkirçay proyekti Ərdal Aksoyun qurduğu konsorsium vasitəsilə həyata keçirilib. Halbuki, bu konsorsiumun necə qurulduğu və onun tərkib hissəsi kimi “Cengiz İnşaat”ın niyə adının çəkilmədiyi barədə heç bir məlumat yoxdur. 

“Əliyevin dəvətindən sonra Ərdal Aksoyun qurduğu konsorsiumun dünyanın ən böyük layihələrindən biri olan Şəmkirçay Su anbarı proyektində də imzası oldu” – deyə kitabda qeyd olunur. 

Kitab və film Aksoyun təkcə Azərbaycanda icra etdiyi layihələr barədə yox, həm də bu layihələrlə əlaqəsi olmuş rəsmi şəxslərlə iş adamının şəxsi münasibətləri haqqında məlumat verir. Məsələn, hazırda Azərbaycanın Baş nazirinin köməkçisi vəzifəsində çalışan Əhmədzadə kitabda Aksoyun azərbaycanlı dostlarından biri kimi təqdim olunur. Eyniadlı sənədli filmdə isə Əhməd Əhmədzadə Ərdal Aksoyu Azərbaycana “səmimi qəlbdən kömək etmək istəyən” şəxs kimi təsvir edir. 

Filmdə Aksoyu tərifləyən təkcə gənc Əhmədzadənin atası Əhməd Əhmədzadə yox, həm də onun qayınatası, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovdur. Hazırda Baş nazirin məsləhətçisi vəzifəsində çalışan Elman Rüstəmov da Aksoyun azərbaycanlı dostlarından biri kimi təqdim olunur və Rüstəmov azərbaycanlıları nəzərdə tutaraq deyir: 

“Biz həmişə Ərdal bəyi nə olursa, olsun bizim tərəfimizdə olan dost kimi görmüşük”. 

Ərdal Aksoy barədə olan filmdə Elmar Rüstəmovun danışdığı hissədən görüntü. Mənbə: Filmdən screenshot

Haşiyə: Gənc Əhmədzadə Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir və Londondakı evdə onlar birlikdə yaşayır. Birləşmiş Krallıq və Çexiya reyestri göstərir ki, həm Günel, həm də Cümənin Londondakı evi sənədlərdə onların rəsmi adresi kimi qeyd olunur. 

Keçmiş Vayxır, indiki Heydər Əliyev Su Anbarı və Su Elektrik Stansiyası

Aksoy və Cengiz şirkətləri Azərbaycanda daha bir böyük su anbarı layihəsində birlikdə işləyiblər. 

2005-ci ilin qışında Azərbaycan Prezidenti İlham Əliyev sonradan atası Heydər Əliyevin adı verilən və Naxçıvan Muxtar Respublikasında yerləşən Vayxır Su Anbarı və Su Elektrik Stansiyasının açılışını etdi. Tədbirdə çəkilən rəsmi foto və videolarda görünür ki, Ərdal Aksoy Prezidentin yanında dayanaraq gülümsəyir və əl çalır. 

2020-ci ildə Azərbaycan dövlət mediası yazıb ki, Vayxır Su anbarı və Su Elektrik Stansiyasını “Aksoy” və “Cengiz İnşaat” adlanan iki türk şirkəti birlikdə tikib. Ərdal Aksoyun bioqrafiyası iddia edir ki, Azərbaycanın Baş nazirinin keçmiş müavini Abid Şərifov iş adamını Prezidentə təqdim etdikdən sonra Heydər Əliyev onu bu layihəyə dəvət edib. Bioqrafiyada qeyd olunan daha bir məlumata görə, Aksoy bu layihə üçün də konsorsium qurub. Burada da “Cengiz Holdinq”in adı çəkilməsə də iki fərqli açıq mənbə göstərir ki, Vayxır Su Anbarının tikintisində “Cengiz İnşaat” iştirak edib. Azərbaycan dövlət mediası ilə yanaşı, “Cengiz Holdinq”in rəsmi saytında tamamlanmış proyektlər siyahısında Vayxır Su Anbarı da var. Rəsmi sayt qeyd edir ki, bu, onların Azərbaycanda icra etdiyi ilk layihədir. 

“OCCRP və “Mikroskop Media”nın sorğusunda cavabında “Cengiz Holdinq” təsdiqləyib ki, Vayxır bu şirkətin Azərbaycandakı ilk layihəsidir və həmin layihədə “Aksoy Holdinq”in payı cəmi 1% olub. Şirkətin cavabında o da qeyd olunub ki, Vayxır bu iki şirkətin Azərbaycanda birgə icra etdiyi yeganə layihə olub. 

Aksoylar nə işlə məşğuldur?

“Aksoy Holdinq” satış, elektrik, mehmanxana, daşınmaz əmlak, ticarət, sahəsində fəaliyyət göstərir. Şirkətin əsası 1978-ci ildə Ərdal Aksoy tərəfindən qoyulub, hazırda şirkətə rəhbərliyi həm də onun qızı Banu Aksoy və oğlu Batu Aksoy edir. 

Şirkətin əsas payçısı neft və enerji sahəsində ixtisaslaşmış Turcas Petroldur. “Aksoy Holdinq”in hissələrinə və investisiyalarına 5 ulduzlu Conrad Istanbul Bosphorus Hotel və Bodrum şəhərində yerləşən The Ritz-Carlton Residences daxildir. 

Aksoy niyə özünü “mühüm vasitəçi” hesab edir?

“Aksoy Holdinq” Azərbaycana dair fəaliyyəti təkcə su anbarı layihələrinin icrası ilə yekunlaşmayıb. Şəmkirçay su anbarı proyektinin reallaşmasından və Vremax şirkətinin Londondakı evi satın almasından illər əvvəl Aksoy Azərbaycan dövlətinin Türkiyədəki qazanclı alış-verişinə, sonrakı illərdə isə birinci ailənin Türkiyəyə investisiya qoymasına yardımçı olub. 

2006-cı ildə “Aksoy Holdinq” və “Turcas Petrol” Azərbaycanın dövlət neft şirkəti – SOCAR ilə birlikdə Türkiyənin dövlət petro-kimya şirkəti “Petkim”in 51%-lik hissəsini 2 milyard dollar ödəyərək satın alıb. İş adamı bioqrafiyasını hazırlayan müəlliflərə müsahibəsində Azərbaycan Prezidentini sövdələşməyə onun razı saldığını deyir və əlavə edir: 

“Bu prosesi diqqətlə izləməsəydim, daha sonra Türkiyədəki bürokratik prosedurları keçməyə dəstək olmasaydım, axıra qədər inadla ardınca düşməsəydim, bu gün Azərbaycanın Türkiyə üzərindən dünyaya çıxışı və belə bir investisiyanın qoyuluşu yəqin ki, reallaşa bilməzdi”. 

Onların əməkdaşlığı daha bir neçə il davam edib və 2011-ci il bitmədən “Aksoy Holdinq” və “Turcas Petrol”un hər ikisi “Petkim”də sahib olduqları hissələri 70 milyon dollar qarşılığında SOCAR-a satıb. 

“Petkim” şirkətinin “Star” neft emalı zavodunun təməlqoyma mərasimindən. Foto: president.az

“Paşa Holdinq”in Türkiyəyə gəlişində vasitəçi olan biznesmen 

Aksoyun investisiyasına vasitəçi olduğu və birinci ailəyə məxsus şirkət isə “Paşa Holdinq”dir. 2013-cü ildə ilk olaraq “Aksoy Holdinq” Bəhreynin “TAİB Bank”ının Türkiyə şöbəsini 12 milyon dollardan çox vəsaitə satın alıb. Çox keçmədən Aksoy həmin bankın hissələrini “Paşa Holdinq”ə satıb ki, bununla da Prezidentin ailəsinə məxsus olan şirkətin Türkiyədəki biznesinin əsası qoyulub. 2015-ci ildə “Paşa Holdinq”in bu bankı satın almasından sonra bankın kapitalı qəfil artaraq 105 milyon dollara çatıb. 

Ərdal Aksoy bioqrafik kitabında bu sövdələşmə barədə danışarkən deyir ki, Türkiyədə yeni bank yaratmaq əvəzinə, artıq yaradılmış və hazırda işlək vəziyyətdə olmayan bankı satın almaq daha məsləhətlidir, çünki yeni bank yaratmaq bürokratik olaraq daha uzun və çətin prosesdir. 

Azərbaycan hökuməti niyə türk şirkətləri ilə işləməkdə maraqlı olub?

Azərbaycanda yaşayan və təhlükəsizliyə görə adının açıqlanmasını istəməyən iqtisadçı ekspert “OCCRP”-yə deyib ki, Türkiyə şirkətlərinin xüsusən də 2000-ci illərdə icra etdikləri layihələrdə şəffaflıq və hesabatlılıq aşağı səviyyədə olub. Eyni zamanda həmin illərdə bu şirkətlər çox irihəcmli dövlət layihələrinin tikintisində iştirak edib. 

Türk Podratçılar Birliyinin 2021-ci il üzrə hesabatına istinad edən iqtisadçı deyir ki, 2010-2011-ci illərdə Türkiyə şirkətləri Azərbaycanda 1 milyard dollar dəyərində infrastruktur və tikinti layihəsi icra edib. Həmin hesabatda həm də qeyd olunub ki, Şəmkirçay Su anbarı Türkiyə şirkətlərinin indiyə qədər Azərbaycanda icra etdiyi ən böyük layihədir. 

Türkiyə şirkətlərinin Azərbaycanda icra etdikləri layihələrin ümumi dəyərinin ən çox olduğu il 2013-cü il olub ki, Podratçılar Birliyinin hesabatına görə, bu məbləğ 3 milyard dollar olub. Sonrakı illərdə isə bu rəqəm azalmağa başlayıb. 

“Həmin vaxt böyük layihələrin şəffaflığı çox məhdud, hesabatlılıq çox aşağı səviyyədə olub. Açıq tenderlər bəzən keçirilir, bəzən isə ümumiyyətlə keçirilmirdi” – o, “OCCRP”-yə deyib. 

İqtisadçı deyir ki, digər qonşu ölkələrin müxtəlif səbəblərdən Azərbaycanda işləməyə marağı yoxdur.

“İranla münasibətlər çətindir deyə bu ölkə ilə olmur, Rusiya şirkətləri isə Azərbaycanda iş görməyə maraqlı deyil. Türkiyə şirkətləri isə yeni bazarlara çıxmağa çalışır və daha çox qonşu ölkələrə can atırlar, o cümlədən də Gürcüstan, İran və Mərkəzi Asiya. Burada təbii ki, siyasi münasibətlərin də rolu var”

Bəs sonra?

Aksoy bioqrafiyasında deyir ki, Azərbaycan ona fəxri vətəndaşlıq verilməsi prosesinə başlayıb. Yəni, ola bilsin ki, onun iki ölkə arasındakı vasitəçilik roluna rəsmi reaksiya tezliklə ictimai şəkildə qiymətləndirilsin. 

Hazırda 80 yaşı olan Aksoy “Həyat problem həll etmək imiş” adlı bioqrafiyasında hər iki tərəfə bağlılığını ifadə edir. 

“Həmişə düşünürəm ki, öz ölkəm Türkiyə üçün daha nə edə bilərəm. Eyni zamanda bunu da özümə borc bilirəm ki, Azərbaycan üçün daha nə edə biləcəyim barədə düşünüm” – o deyir. 

Qeyd: Araşdırma ilə əlaqədar Prezident Administrasiyasına, cənab Cümə və Əhməd Əhmədzadələrə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərsək də suallarımız cavabsız qalıb. 

Ana səhifəTövsiyəAzərbaycanda milyardlıq layihələr icra etmiş türk biznesmenlə Paşa Holdinqin Türkiyəyə gəlişinin nə əlaqəsi var?