close

Azərbaycanda XV Beynəlxalq Musiqi Festivalı keçirilir

Üzeyir Hacıbəyli. Foto: Wiki

Festival Milli Musiqi Günü ilə bağlıdır

Sentyabrın 18-də Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günü kimi qeyd olunur.

Bu gündən Azərbaycanda Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayıb. Festivalın sentyabrın 28-dək davam edəcəyi bildirilir.

Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq festivalın saytı istifadəyə verilib.

Saytda festivalın proqramı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat yerləşdirilib.

Tədbirin təşkilatçıları Heydər Əliyev Fondu ilə Mədəniyyət Nazirliyidir.

Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulub.

Festivalın ilk günü Şuşada açıq havada Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq.

Bakıda Fəvvarələr Meydanında Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək.

Axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.

ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.

Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə doğulub.

Ana səhifəMədəniyyətAzərbaycanda XV Beynəlxalq Musiqi Festivalı keçirilir