close

Azərbaycanda yeni müavinət növləri təsis edildi

Foto: trend.az

Himayədar ailələrə verilən uşaqların müavinətləri yaşa görə qruplaşdırılıb

Azərbaycanda yeni müavinət növləri təsis edilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişiklikdə əks olunub.

Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək.

Qanuna əsasən, müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək.

Himayədar ailəyə verilmiş 0-6 yaş arası uşağa görə – 355 manat, 7-13 yaş arası uşağa görə – 375 manat, 14-18 yaş arası uşağa görə – 395 manat olacaq.

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat veriləcək.

Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək.

Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir.

Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin ediləcək.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – 200 manat olacaq.

Dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır.

Ana səhifəSosialAzərbaycanda yeni müavinət növləri təsis edildi