close

Azərbaycanla Ermənistan bəzi sərhəd ərazilərinin mübadiləsini apara bilər

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Qor Tsarukyan proseslə bağlı referendumun keçirilməsini də istisna etməyib

Bakı və Yerevan bəzi sərhəd ərazilərinin mübadiləsini apara bilər.

Bunu Ermənistan Baş naziri Aparatının ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin direktoru Qor Tsarukyan bu ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

O, proseslə bağlı referendumun da keçirilməsini mümkün sayır:

Referendum keçirilə bilər və çox güman ki, keçiriləcək, əgər tərəflər bəzi ərazilərin, məsələn, Voskepar, Berkaber üçbucağı və digərlərinin mübadiləsi barədə razılığa gəlsələr”.

Q.Tsarukyan bildirib ki, Ermənistanın və Azərbaycanın beynəlxalq hüquqi müqavilə əsası var və bunun əsasında demarkasiya aparmağa başlayıblar:

Sərhədlərin müəyyənləşdirilməsi SSRİ Baş Qərargahının 1974-1978-ci illər üçün xəritələrinə əsasən aparılır”.

Onun sözlərinə görə, Kirantsda iki yaşayış evi, bir neçə tikili və bir sıra torpaq sahəsi Azərbaycan tərəfinə keçib:

Eyni zamanda, Azərbaycanın 4 kəndinin müəyyən əraziləri Ermənistana keçib”.

Hökumət rəsmisi bunu SSRİ dövründə kənd sovetləri sədrlərinin, kolxoz direktorlarının tez-tez ərazi mübadiləsi aparması ilə izah edib ki, bu da inzibati sərhədlərdə əks olunmayıb.

Tsarukyan onu da qeyd edib ki, delimitasiya prosesində məzmunu açıqlanmayan bir çox “həssas” məsələ var:

“Ancaq bu proses birtərəfli olmayıb, qarşılıqlı güzəştlər olub”.

“Turan” İA yazıb ki, Qor Tsarukyanın qeyd etdiyi sahələr bir-birinin ərazisinə yaxındır:

Onların mübadiləsi sərhədi məntiqli edir. Məsələn, Qazaxdan Mazam kəndinə, sonra Quşçu Ayrıma yol Ermənistan ərazisindən keçməyəcək. Eyni şey Voskepardan Kirantsa gedən yola da aiddir”.

Görünür, Bakı və Yerevan Azərbaycan və Ermənistan SSR-in keçmiş sərhədlərini bərpa etmək və bununla da onları daha rahat və məntiqli etmək üçün ərazi mübadiləsi aparmaq qərarına gəliblər”, – deyə agentlik əlavə edib.

Azərbaycan hökuməti hələ Qor Tsarukyanın söylədiklərinə reaksiya verməyib.

Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan sərhədçilərinin nəzarətinə keçib.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətAzərbaycanla Ermənistan bəzi sərhəd ərazilərinin mübadiləsini apara bilər