close

Azərbaycanlı əsirlərə işgəncə verməkdə ittiham olunan şəxsə hökm oxundu

Raşid Beqlaryan. Foto: DTX-dən screenshot

Raşid Beqlaryan ittihamları qəbul etmir

Xocalıda azərbaycanlılara qarşı qətliamda, əsirlərə işgəncə verməkdə ittiham olunan Raşid Beqlaryana iyulun 12-də Bakıda – Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Füzuli Hərbi Məhkəməsinin hakimləri Əli Süleymanov, Fəxrəddin Ağamirzəyev və Əmrah Nəcəfovdan ibarət kollegiyanın hökmü ilə o, 15 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Raşid Beqlaryan Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 318 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələrilə təqsirli bilinib.

1962-ci i təvəllüdlü Raşid Beqlaryan cəzasının 5 ilini qapalı rejimli həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama əsasən, Raşid Beqlaryan Xocalıda 200 nəfərə yaxın azərbaycanlının Əsgəran qalası yaxınlığında pusquya salınıb qətlə yetirilməsi, Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxlanılan əsirlərə işgəncə verilməsi prosesində iştirak edib.

Cinayət işində Raşid Beqlaryanın bu hadisələrdə iştirakla bağlı etirafedici ifadəsi var. Həmin ifadədə göstərilib ki, Xocalıya hücum planı əvvəldən hazırlanıb. Bir gün əvvəl – 25 fevral 1992-ci ildə azərbaycanlılara deyilib ki, mülki əhali Əsgəran rayonundan keçməklə, Ağdam istiqamətində təhlükəsiz qaydada gedə biləcək. Lakin onlar azərbaycanlıları aldadıb. İnsanlar Qarqarçay sahili boyunca Ağdam istiqamətində hərəkət edərkən Əsgəran qalasının yaxınlığında onları pusquya salıb güllələyiblər. Qətlə yetirilən 200-ə yaxın azərbaycanlının meyitləri də həmin ərazidə basdırılıb.

Cinayət işinin materiallarında o da qeyd olunub ki, Raşid Beqlaryanın həbsindən sonra deyilənləri yerində yoxlamaq üçün DTX əməkdaşları onu həmin əraziyə aparıblar. O, həmin yerləri göstərib, 32 il öncə nə baş verdiyini kamera qarşısında danışıb.

Lakin məhkəmədə ifadəsində o, Xocalı qətliamında və əsirlərə işgəncə verilməsində iştirak etmədiyini, ümumiyyətlə, bu hadisələrin şəxsən şahidi olmadığını deyib. O bildirib ki, baş verənlər haqda hərbçi dostunun danışdıqlarından xəbər tutub. Deyib ki, özü həmin vaxt ərzaq maşınında sürücü işləyirdi.

O, iyulun 12-də məhkəmədə hökmdən əvvəl son sözündə də bunu təkrar edərək bildirib ki, səfərbərlik zamanı onu da orduya çağırıblar və orada sürücü kimi xidmət edib. O, hətta sürücü kimi fəaliyyətindən də peşmanlığını dilə gətirib və hakimlərdən ona yüngül cəza verilməsini istəyib.

İttihama əsasən, Raşid Beqlaryana Fransadan külli miqdarda vəsait göndərilib. Söhbət təxminən 2 milyon avrodan gedir. O, məhkəmədə dindirilərkən hakim Əli Süleymanov ondan bu barədə soruşub. Raşid Beqlaryan suala cavabında bildirib ki, bu pulları tanışları ona yardım məqsədilə göndərib.

Məhkəmədə prokuror Raşid Beqlaryanın 17 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Zərərçəkmişlər isə onun ömürlük həbsdə qalmasını tələb ediblər. Onlar deyiblər ki, prokurorun təklif etdiyi cəza yüngüldür.

Raşid Beqlaryanla bağlı cinayət işində 3 nəfər – Zahid Həsənov, Əkbər Hüseynov və Pənah İsgəndərov zərərçəkmiş qismində tanınıb. Onların işgəncəyə məruz qaldığı bildirilir.

Əkbər Hüseynov məhkəmədə deyib ki, ağlasığmaz işgəncələrə məruz qalıb, hərbçi yoldaşının qanını zorla ona içiriblər.

Raşid Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində saxlanılıb.

Ana səhifəSiyasətAzərbaycanlı əsirlərə işgəncə verməkdə ittiham olunan şəxsə hökm oxundu