close

“Azəriqaz”dan işdən çıxarılan və həbs edilən çilingər məhkəməni qazandı

Foto: “Azəriqaz”

 Məhkəmə İlkin Məmmədovun işə bərpa olunma tələbini yerinə yetirib

“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar xidmət sahəsinin ötən ilin martında işdən çıxarılan çilingəri İlkin Məmmədov məhkəmə vasitəsilə yenidən işinə bərpa olunub.

Bu barədə Meydan TV-yə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

İlkin Məmmədov idarənin baş mühəndisinə etiraz etdiyi üçün işdən uzaqlaşdırıldığını bildirmişdi. O, Meydan TV-yə müsahibəsində Zaur Məmmədov tərəfindən kobudluqla üzləşdiyini, təhqir edildiyini və buna etiraz etdiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işdən çıxarıldığını demişdi.

Məmmədovun işdən çıxarılmasına idarənin 25-dən çox əməkdaşı etiraz edərək tətil etmişdilər. Onlar video müraciətlərində istehsalat birliyinin rəhbəri Ruslan Əliyevdən işin araşdırılmasını tələb etmişdilər. Lakin “Azəriqaz” açıqlamasında İlkin Məmmədovu dəstə yaratmaqda günahlandırmışdı.

İlkin Məmmədov idarənin şikayəti əsasında polis tərəfindən saxlanılmışdı və ona qarşı 3 maddə ilə ittiham irəli sürülmüşdü. Ucar Rayon Məhkəməsi İlkin Məmmədovu təqsirli hesab edərək 1 ay müddətində inzibati qaydada həbs etmişdi.

Qəhrəmanlı deyib ki, İlkin Məmmədov işdən azad olunmasını qeyri-qanuni və qərəzli hesab edərək Ağsu Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Məmmədovun işə bərpa olunma tələbini yerinə yetirib. Bu ilin fevralın 21-də Şəki Apelyasiya Məhkəməsi işə yenidən baxıb və əvvəlki qətnaməni qüvvədə saxlayıb.

Ana səhifəBölgə“Azəriqaz”dan işdən çıxarılan və həbs edilən çilingər məhkəməni qazandı