close

“Badamlı”da kütləvi ixtisarların olduğu bildirilir: “Təzminatımı ödəmirlər”

Foto: sosial şəbəkə

Şirkət rəsmisi sualları cavablandırmaqdan imtina edib

“Badamlı Mineral Sular” MMC-nin Bakı şəhər baş satış idarəsində sürücü köməkçisi vəzifəsində çalışan Vüqar Əbülfət oğlu Xasıyev qanunsuz olaraq işdən ixtisara salındığını və buna görə ona təzminat ödənilmədiyini deyir.

O, Meydan TV-yə bildirib ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Mineral sular” MMC-nin nəzdində olan “Badamlı Mineral Sular” MMC-nin Bakıdakı ofisinin işçiləri kütləvi şəkildə işdən çıxarılır:

“2022-ci ilin yanvarın 29-dan “Badamlı” mineral suların Bakı şəhər baş satış idarəsində sürücü köməkçisi vəzifəsində işləyirdim. Vasif Talıbov vəzifəsindən azad olunandan sonra şirkətimiz havada qaldı. Martın 30-da bizi işə çağırdılar. İnsan resursları şöbəsinin müdiri Vəfa İsmayılova dedi ki, “Badamlı” şirkəti dağılıb, ərizənizi yazıb, işdən çıxın. İşçilərin bəziləri ərizə yazaraq, könüllü işdən çıxdılar. Bəziləri isə bundan imtina edib, təzminat tələb etdilər. Bir neçə gün bizi get-gələ saldılar. Əvvəl bizə dedilər ki, təzminat ödənilmir. İşçilər dirənəndən sonra dedilər ki, bizə vaxt verin, hesablayaq, təzminatınızı ödəyəcəyik”.

Vüqar Xasıyev deyir ki, işçilərin 70 faizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işdən çıxarılıb və onlara təzminat ödənilib.

Müəyyən hissəsinə isə təzminat ödənilməkdən imtina edilib:

“Yerdə qalan 30 faiz işçiyə isə deyirlər ki, aprelin sonunda müqaviləniz bitir. Təkrar yeniləməyəcəyik, sizə təzminat verməyəcəyik. Mən və mənim kimi bir neçə işçiyə ödəniş etmədilər. Soruşanda isə dedilər ki, sizin müqavilənizin vaxtına az qalıb. Ya ərizənizi yazıb, işdən çıxın, ya da ki işdən çıxarmıram. Müqavilən bitəndən sonra çıxaracağam. Deyirəm ki, bu, haqsızlıqdır. Niyə məndən sonra gələnləri çıxarırsınız? Heç bir cavab vermirlər. Vəfa İsmayılova dedi ki, get, kimə şikayət edirsən, et, mən səni işdən çıxarmıram”.

“2023-cü il aprelin 29-da müqavilən bitəcək. Mən səni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi ilə işdən çıxaracağam. Bu da əmək müqaviləsinin yenilənməməsidir. 480 manat əməkhaqqı alırdım. Hazırda çıxılmaz vəziyyətdə qalmışam. Şikayətimə baxan yoxdur”, – deyə o qeyd edib.

İnsan resursları şöbəsinin müdiri Vəfa İsmayılova məsələ ilə əlaqədar Meydan TV-nin suallarını cavablandırmaqdan imtina edib:

Mənim səlahiyyətim yoxdur ki, danışım. Ümumiyyətlə, bu məsələyə mənim aidiyyətim yoxdur. Vüqar Xasıyev özü gedib, səlahiyyətli şəxslərlə danışsın”.

Əmək qanunvericiliyinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

– bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
– bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
– beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
– on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:

– bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
– bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
– beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
– on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilərkən ödənilən birədəflik müavinətlər Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

2022-ci il dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

“Badamlı Mineral Sular” MMC Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun şirkəti kimi tanınıb.

Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra Elşad Məmmədov adlı sahibkar əslində “Badamlı”nın ona məxsus olduğunu deyib.

İş adamının iddiasına görə, Talıbovlar zorla müəssisəni onun əlindən alıblar.

“Badamlı Mineral Sular” MMC 24 noyabr 2008-ci ildə qeydiyyata alındığı bildirilir.

Qeyd olunur ki, nizamnamə kapitalı 200 AZN-dir.

Şirkətin qanuni təmsilçisi Axundov Simral Fərəc oğludur.

Ana səhifəSosial“Badamlı”da kütləvi ixtisarların olduğu bildirilir: “Təzminatımı ödəmirlər”