close

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı bu il də qaliblərə pul mükafatı verməyəcək

Foto: Gənc Kinematoqrafçılar Mərkəzi

“Mədəniyyət Nazirliyi bizə maliyyə deyil, təşkilati dəstək verir”

Noyabrın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BBQFF) açılış mərasimi keçiriləcək.

Builki festivala 78 ölkədən 704 film göndərilib.

Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulur.

Bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, rejissor Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlin ali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, ssenarist və ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndirəcəklər.

“Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, yazıçı, ssenarist Şərif Ağayar, rejissor, ssenarist Ramin Fərzaneh yer alır.

Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev qiymətləndirəcək.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 3 film yarışacaq.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Belə ki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.

“Dili bizim” müsabiqəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək.

“Panorama”da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər 6 gün müddətində saat 11: 00-dan “Nizami” Kino Mərkəzində nümayiş olunacaq.

Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “ Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.

Həmçinin festivalın açılış günü “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” bir neçə kino xadimi “Qızıl Nar” mükafatı ilə təltif ediləcək.

Festival müddətində həmçinin noyabrın 12-də saat 14:00 -da kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda ustad-dərsi, noyabrın 14-də saat 16:00 -da qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellekt texnologiyasının tətbiqi”  adlı mühazirəsi olacaq.

Festival qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası, Yunus Əmrə İnstitutu yer alır.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Ötən il keçirilən festivalda qaliblər üçün nəzərdə tutulan 5 min manat pul mükafatı verilməmişdi.

Festivalın təsisçisi və rəhbəri Fehruz Şamıyev bunu maliyyə sıxıntısı ilə əlaqələndirmişdi.

Gənc Kinematoqrafçılar Mərkəzindən Meydan TV-yə bildirilib ki, bu il də festivalda pul mükafatı olmayacaq.

Festivalı öz təşəbbüsümüzlə reallaşdırırıq. Hər il də festival çərçivəsində bizim dəstəkçilərimiz olur. Bunlar hansısa özəl şirkət, qurumlardır. Əlimizə gələn maliyyənin əsasında da mükafat fondu yaradırıq. İki il öncəyə qədər maliyyə imkanlarımız pul mükafatlarına icazə verirdi. Son iki ildə bizdə pul mükafat yoxdur. Bəzən elə birlirlər ki, Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşirik. Nazirlik festivala ancaq təşkilati dəstək verir. Pul mükafatı bizim büdcəmizdən və festival keçirilən ildəki vəziyyətimizdən asılıdır. Bu il də pul  mükafatı olmayacaq”,- mərkəzin əməkdaşı bildirib.

Ana səhifəMədəniyyətBakı Beynəlxalq Qısa Filmlər Festivalı bu il də qaliblərə pul mükafatı verməyəcək