close

Bəxtiyar Hacıyevə daha bir ittiham verilib

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəal vergidən yayınmada suçlandırılır

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə yeni ittiham irəli sürülüb. Bu barədə Meydan TV-yə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Bəxtiyar Hacıyev əvvəlki ittihamlar kimi, vergidən yayınmanı da qəbul etmir. O, ittihamın əsassız olduğunu deyir.

Vəkil deyir ki, Bəxtiyar Hacıyevin işi üzrə qanunda nəzərdə tutulmuş istintaq müddəti bitib. Buna baxmayaraq, ona qarşı yeni ittiham irəli sürülür.

Elçin Sadıqov da vergidən yayınma ittihamını əsassız sayır.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunurdu.

İyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Bəxtiyar Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandlrıldığını deyir.

Ana səhifəSiyasətBəxtiyar Hacıyevə daha bir ittiham verilib