close

Bakı Yerevandan gözləntisini açıqladı

Foto: XİN

Bayramov münasibətlərin normallaşması üçün yeni perspektivlərin olduğunu deyir

Azərbaycan Ermənistandan konstruktiv yanaşma və qarşılıqlı addımlar gözlədiyini bildirib.

Bu barədə noyabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Rumıniyada bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Ceyhun Bayramov Ermənistana xitabən: “Bu unikal şansı bir daha qaçırmayacağını gözləyirik”, – deyə əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın suverenliyinin tam bərpası Ermənistanla münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır:

“Ancaq münasibətlər qarşılıqlı hörmət əsasında normallaşmalıdır. Bu cür normallaşma təkcə Azərbaycan və Ermənistanın maraqlarına cavab vermir, həm regionda, həm də ondan kənarda digər ölkələrlə əməkdaşlığın inkişafına imkan yaradacaq”.

Ötən həftənin sonunda Yerevanda və Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini bildirmişdi.

Noyabrın 3-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkənin altıncı dəfədir ki, sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi apardığı haqda açıqlama vermişdi.

Erməni nazir Yerevanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam etdirdiyini və bunun Qranadada həyata keçiriləcəyinə ümid etdiyini vurğulamışdı:

Təəssüf ki, Azərbaycan Prezidenti bu sammitdə iştirak etməyi zəruri və ya məqsədəuyğun hesab etmədi. Buna baxmayaraq, Qranadada bəyannamə imzalanıb ki, bu, faktiki olaraq Azərbaycanla gələcək sülh müqaviləsinin bağlanması üçün əsasdır”.

Ararat Mirzoyan bildirib ki, sülh sazişinin birinci prinsipi ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınmasına aiddir:

Ermənistan bu məsələdə maksimum konkretliyi təmin etmək istəyir. Müqavilənin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilib. Ümumilikdə delimitasiya SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır”.

Ana səhifəSiyasətBakı Yerevandan gözləntisini açıqladı